Məktəb və bağçalara münasibətdə yalnız qənaət prinsipi əsas götürülməməli, bu müəssisələrin ideoloji funksiyası da nəzərə alınmalıdır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin üç komitəsinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
O, məcburi köçkün məktəblərinin fəaliyyəti məsələsinə də toxunub. Bildirib ki, ötən il məcburi köçkünlərin mərhələli məskunlaşdırılması prosesi başa çatmadan bir sıra məktəblər bağlanıb və ya fəaliyyət göstərdikləri ərazilərin təhsil idarələrinin tabeliyinə verilib.
Deputat bu məsələyə 2027-ci ilin büdcəsi çərçivəsində daha həssas yanaşılmasını xahiş edib.
C.Məmmədov universitet müəllimlərinin əməkhaqqı məsələsini də gündəmə gətirib. O qeyd edib ki, bəzi ali təhsil müəssisələrində müəllimlərin maaşı orta məktəb müəllimlərinin məvacibindən aşağıdır və bu fərq bəzən iki dəfəyə çatır.

Deputat hesab edir ki, universitet müəllimlərinin əməkhaqqının artırılması məsələsinə baxılmalıdır.
Sertifikasiya prosesindən keçən müəllimlərin maaşlarının artırılmasını müsbət addım kimi qiymətləndirən C.Məmmədov bu sahədə mövcud nisbətin də dəyişdirilməsini təklif edib.
“10 və 35 nisbətinə baxmalıyıq. Bu nisbətin ən azı 10, 25, 35 olmasını təklif edirəm”, – deputat bildirib.
O, sertifikasiya prosesindən hələ keçməmiş müəllimlərin də diqqətdən kənarda qalmamasını vacib sayıb. Deputatın sözlərinə görə, sertifikasiya uzunmüddətli proses olduğundan bu mərhələdən keçməyən müəllimlərin əməkhaqlarının da müəyyən qədər artırılması onlara ciddi dəstək ola bilər.
C.Məmmədov elm sahəsində çalışanların, xüsusilə Milli Elmlər Akademiyasının əməkdaşlarının maaşlarının artırılmasını da təklif edib. O, ən azı elmi dərəcələrə görə ödənilən məbləğlərin yüksəldilməsinə ehtiyac olduğunu vurğulayıb.