Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Mikayıl Müşfiq küçəsində yerləşən evləri və həyətləri su basıb.
Modern.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, sakinlər hadisənin Bülbülə gölü yaxınlığında kanalizasiya xəttinin çəkilişi zamanı bəndin yarılması nəticəsində baş verdiyini iddia edirlər.
Onların sözlərinə görə, əvvəllər avtomobillərin hərəkət etdiyi yol su altında qalıb. Su evlərin zirzəmilərinə və yaşayış sahələrinə də dolub. Sakinlər yaranmış vəziyyətin evlərin bünövrəsinə ziyan vurduğunu bildirirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, ərazidə Bülbülə gölünün bir hissəsinin torpaqla doldurulması və park salınması istiqamətində işlər aparılır. Paralel olaraq kanalizasiya xətləri də çəkilir.
Qurumun açıqlamasına görə, intensiv yağıntılar nəticəsində göldə suyun səviyyəsi yüksəlib və ətrafdakı həyətləri su basıb.
Hazırda əraziyə əlavə nasoslar quraşdırılır. Yaxın günlərdə suyun həyətlərdən çəkilməsi və ərazinin təmizlənməsi təmin ediləcək.