Modern.az

“Meydanı mən idarə edirdim” - Xalq etirazının iştirakçıları DANIŞIR

“Meydanı mən idarə edirdim” - Xalq etirazının iştirakçıları DANIŞIR

Ölkə

Bu gün, 14:02

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

Milli Dirçəliş Gününün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır.
38 il öncə Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovet rəhbərliyinin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə və Ermənistanın ərazi iddialarına etiraz edib.
O zaman sovet qoşunları tərəfindən dağıdılan bu hərəkat xalqın azadlıq iradəsini sındıra bilmədi və müstəqillik yolunda mühüm dönüş nöqtəsi oldu.

Həmin hərəkatın iştirakçılarından olan Xaql şairi, sabir deputat Sabir Rüstəmxanlı Modern.az-a deyib ki, o, 18 gün ardıcıl hərəkatı idarə edib.

"Meydandakı çıxışlarımız və xalqın oyanışı təsadüfən yaranmamışdı. Uzun illər mətbuatda dərc olunan bədii yazılarımızda, şeir və poeziyamızda həmin dövrün nöqsanları və qüsurları gizli şəkildə tənqid olunurdu. Həmin vaxt yazdığım “Ömür kitabı” isə bütün gənclərin əlində gəzirdi.
Hərəkatda da meydanı idarə etmək vəzifəsi məndə idi. Buna görə də meydanı idarə etmək təsadüfi bir rol deyildi. Meydan inandığı, sevdiyi və sözünün düzlüyünə güvəndiyi adımları qəbul edirdi. 

Hərəkat ermənilərin torpaq iddialarına və Moskvanın onları müdafiə etməsinə qarşı etiraz olaraq başladı. Əvvəlcə Azərbaycanın müxtəlif rayonlarında, ilk növbədə Bakıda etirazlar baş qaldırdı. Bu etirazlar 1988- ci il boyu böyüyərək genişləndi və nəhayət, noyabrın 17-də 18 gün davam edən böyük meydan epopeyasına çevrildi. Soyuq hava şəraitinə baxmayaraq, meydanda yüz minlərlə, hətta bir gün  1,5 milyon insan toplaşdı. Həmin vaxt meydanı idarə edirdim".


S.Rüstəmxanlı həmin dövr Moskvasının xəyanətkar mahiyyətini də xatırladıb:

"Sovet ordusu gəlib meydanı mühasirəyə aldı. Əfqanıstanda xidmət etmiş gənclərimiz bizi qorumaq üçün ordunun qabağına çıxdılar. Moskvanın ermənilərin ərazi iddialarını dəstəkləməsi, xalqlar arasında düşmənçilik toxumu səpənlərin üstünə ordu göndərmək əvəzinə, dinc mitinqə qoşun yeritməsi artıq onun xəyanətkar mahiyyətini üzə çıxardı. Bununla da milli dirçəliş əsl Milli Azadlıq Hərəkatına çevrildi. Halbuki o vaxtkı Azərbaycan rəhbərliyi başımızın altına yastıq qoyub arxayınlaşdırırdı ki, "Moskva hər şeyi bilir, həll edəcək".

Mənim fikrim bir qədər fərqli idi: mən meydanın ən güclü vaxtında dağılmasını istəyirdim, lakin təəssüf ki, buna nail olmaq mümkün olmadı. Çünki prosesə təsir edən başqa qüvvələr də var idi. Bəlkə də içimizdə yanlış düşünənlər və ya 1988-cı ildə 20 Yanvar faciəsinin baş verməsini istəyənlər mövcud idi.

Meydan hərəkatı SSRİ-nin dağılmasına səbəb olan əsas amillərdən biri oldu. Dağılmadan sonra da mübarizə dayanmadı, mitinqlər nəticəsində təşkilatlanma yarandı, Xalq Cəbhəsi formalaşdı və ümumi hərəkatın təsiri ilə Azərbaycan müstəqilliyini qazandı".

Xalq şairi indiki zamanı 38 il öncəki dövrlə müqayisə edərək deyib ki, bu gün də gənclərdə birlik, həmrəylik var:

"Təəssüf ki, sonrakı dövrlərdə müəyyən parçalanmalar baş verdi. Həmin vaxt siyasi partiyalar və təşkilatlar yox idi, xalq vahid şəkildə meydanda idi. Amma sonradan təşkilatlanma başlayanda və siyasi qruplar yarananda müəyyən bölünmələr oldu, meydandakı bütövlük qorunub saxlanıla bilmədi. Bu, təbii tarixi prosesdir.

Sonralar bəzi qüvvələr meydan hərəkatının əhəmiyyətini azaltmağa çalışdılar. Guya SSRİ onsuz da öz-özünə dağılacaqdı və bizim çıxmağımız əbəs idi. Ancaq unutmamaq lazımdır ki, biz əvvəlcə SSRİ-yə yox, Ermənistanın torpaq iddialarına qarşı çıxmışdıq. Biz meydana çıxmasaydıq, ermənilər torpaqlarımızı daha tez işğal edib Bakıya gəlib çıxacaqdılar.

O dövrü yaşayanlar üçün meydan ruhu heç vaxt unudulmayacaq. Yeni nəsil isə o hadisələri daha çox kitablardan və sosial şəbəkələrdən öyrənir, əlbəttə ki, o ab-havanı tam təsəvvür edə bilməzlər. Lakin o ruh yaşayır və yaşayacaq da. İkinci Qarabağ müharibəsi göstərdi ki, gənclərimizin içində həmin milli ruh, həmrəylik və bütövlük yenə də mövcuddur. Yəni lazım gələndə millət yenə bir ola bilir".

1988-ci ildə ilk dəfə kütləvi şəkildə Milli Dirçəliş Gününün təsadüf etdiyi tarixdə oxunan “Azadlıq” marşının müəllifi, deputat Elçin Mirzəbəyli də fikirlərini bölüşüb:

"Bu gün mənim həyatımda və taleyimdə xüsusi bir yerə sahibdir. Lakin tarix, geridə qalan zaman kəsiyi sadəcə qürur duymaq və ya kədərlənmək üçün deyil, ilk növbədə nəticə çıxarmaq üçündür. Şübhəsiz ki, Azərbaycan xalqının və onun ayrı-ayrı fərdlərinin imperiyaya, onun amansız repressiya maşınına, millətimizə münasibətdə nəhayətsiz ədalətsizliyinə qarşı yalın əllə, ölkənin taleyini öz həyatından üstün tutaraq mübarizə aparması, bəşər tarixində az-az rast gəlinən dirənişi milli birliyimizi, həmrəyliyimizi, Vətən və torpaq sevgimizi simvolizə edən bir tarixdir. Şübhəsiz ki, bu tarixin bir parçası olmaqdan qürur duyuram.
Bununla yanaşı, xalqımızın milli ruhunun dirçəlişindən, milli birliyin yaratdığı nəhəng kinetik enerjidən öz siyasi və korporativ maraqları üçün faydalanmağa çalışan, uğursuz, düşünülməmiş hərəkətləriylə millətimizi amansız reallıqlarla qarşı-qarşıya qoyan təsadüfi insanların da böyük bir potensialı az qala məhv edə, xalqımızı sonsuz qaranlıqlara sürükləyə biləcəklərini də unutmamalıyıq". 

Deputat Milli Qurtuluşun önəmini də vurğulayıb.

"Milli Dirçəlişin istismar olunan ruhu 1993-cü ildə Milli Qurtuluşla xilas edildi və Heydər Əliyevin dühası xalqımızın potensialını, enerjisini yendən səfərbər etdi, millətimizi azərbaycançılıq ideyasının möhkəm ideoloji təməlləri üzərində birləşdirdi və Milli Mücadilənin ən önəmli, həlledici dövlətçilik mərhələsinə keçidini təmin etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müfəssəl liderliyi hesabına, şəhidlərimizin qanı, rəşadətli Ordumuzun qəhrəman əsgər və zabitlərinin fədakarlığı bahasına əldə etdiyimiz tarixi Zəfər isə dövlət quruculuğu mərhələsini ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsi ilə taclandırdı, nəhəng tarixi bir missiyanı uğurla başa çatdırdı. 
İndi qarşımızda dayanan hədəf dövlətimizin inkişafı, Azərbaycanın regionda və dünyada artan gücünün daha da möhkəmləndirilməsi, sayı 50 milyondan çox olan xalqımızın mənəvi bütövlüyünün təmin edilməsi, saxta, bölücü ideyalara qarşı mücadiləni davam etdirməklə azərbaycançılıq ideyasının bütün istiqamətlərdə təşəkkül tapmasına nail olunması və təbii ki, Türk Dövlətləri Təşkilatının bərabərhüquqlu münasibətlər və yalnız milli ideya, sekulyar düşüncə əsasında inkişaf etdirilərək qlobal gücə çevrilməsidir".
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! ABŞ əlavə qoşun yığır - İrana dəhşətli hücum...