BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi,
Jurnalist-tərcüməçi, tədqiqatçı
Bəlkə də bu yazını yazmayacaqdım. Bəlkə də bu yazılanları heç vaxt qələmə almazdım və bəzi şeyləri xatırlamazdım. Bu günlərdə vaxtilə bir tələbəmin dediyi sözü yadıma düşməsəydi...
Əlqərəz, torpaqlarımızın işğalı, Vətənimizin bir parçasının bu günədək işğal altda qalması hər birimizin ürəyini göynədir. Müasir gənclərimiz bu gün öz düşüncəsini, nifrətini, sevgisini asanlıqla büruzə verir. Bu gün auditoriyalarda vətənpərvər, cəsur, həmçinin savadlı və ağıllı gənclərə rast gələndə sevinirik. Həmin gənclərdən düşməninin kim olduğunu soruşanda onların gözündəki od- alovu görməmək mümkün deyil. Artıq dostla düşməni seçmək vaxtı çoxdan, lap çoxdan yetişib. Bir gün dərs dediyim auditoriyada izah etdiyim mövzu ilə bağlı etinasız tövrünü görüb bir tələbədən soruşdum ki, sən erməni görmüsən? Gənc adam bu sualımı ciddi qəbul etmədi və o, mənə - müəlliminə bir qədər də acıqlı tərzdə, “Müəllimə, siz görmüsüzmü ki?” - dedi. Doğrudur, biz həmin tələbəmlə sonra dostlaşdıq, amma o tələbəvə onun kimi gənclərə ilk dəfə gördüyüm erməni haqqında danışmaq qərarına gəldim.
Bizim nəsil həmyaşıdlarım kimi, mən orta məktəbi sovet dövründə, həm də Azərbaycanın çox gözəl bir guşəsində oxumuşam. Biz o dövrdə beynəlmiləl əhval-ruhiyyənin hökm sürdüyü dövrdə tərbiyə olunmuşuq və şərəf saydığımız qırmızı pioner qalstukunu fəxrlə daşımışıq. İdeologiya öz işini sərrast yerinə yetirmişdi. İndiyədək xatırladığım məqamlar var. Komsomol sıralarına keçəcəyimiz günü səbirsizliklə gözləyən sinfimizin ən nümunəvi pionerləri olmuşuq...

Lakin XX əsrin 80-ci illərində baş verən məlum hadisələr ölkəmizdə və şüurumuzda çox şeyləri dəyişdi. Lakin bir şey hələ də dəyişməyib. Bu, ermənilərin bizə münasibətidir. Tez-tez erməni riyakarlığı, ikiüzlülüyü, yaltaqlığı haqda yazırıq, eşidirik. Və bir də buna şahid oluruq.
Özümü anlayandan bəri ilk dəfə bir erməninin əsl sifətini hələ oktyabryat olarkən gördüm və bu günədək xatırlayıram. 1985-1986-cı illərdə təhsil aldığım Qazax rayonu Daş Salahlı kənd 1 saylı orta məktəbə qonşu erməni məktəbinin şagirdləri və müəllimləri qonaq gəlmişdilər. Yadımdadır, bütün məktəb tədbirlərində böyük şövqlə çıxış edən böyük bacım Azərbaycan, rus və erməni dillərində “Salam, əziz dostlar, xoş gəlmisiniz” sözlərini əzbərləyirdi. Uşaqlıq yaddaşımı “komsomol əsərlərlə” zəbt edən bacımla bərabər mən də səhər tezdən artıq hər üç dildə bu ifadələri təkrarlayırdım...
Sinəmizdə oktyabryat nişanı, əynimizdə məktəbli paltarı, bir əlmizdə SSRİ-nin bayrağı, o biri əlimizdə isə rəngbərəng şar qonaqların yolunu gözlədik. Nəhayət, həmin o “möhtəşəm” an gəlib çatdı. Mən fəxrlə öz sinif yoldaşlarıma bacımın ermənicə danışacağını artıq məlumat vermişdim.
Avtobusdan düşən 60-70 nəfər erməni müəllim və şagirdlər şən musiqi sədaları altında, gül-çiçəklə qarşılanaraq məktəbimizin həyətinə doluşdular. Səsucaldandan bacımın səsi gur gəlirdi, o durmadan üç dildə bir həftədir evdə əzbərlədiyi kəlmələri böyük şövqlə təkrarlayırdı. Lakin həmin vaxt mən onu artıq unutmuşdum...
Əlimizdəki gül, şar və bayraqları yelləyirdik, hamımız sevinirdik. Axı məktəbimizə qonaqlar gəlmişdi. Onları xalqımıza xas əsl Azərbaycan qonaqpərvərliyi ilə qarşılamalı, yedirdib-içirdib, hədiyyə verib yola salmalıydıq, xətirlərinə dəymək olmazdı. Anam məktəbdə müəllim olduğuna görə mən bunları çox yaxşı bilirdim. Həm də eşitmişdim ki, gələn il də biz o erməni məktəbinə qonaq gedəcəyik. Həmin heyətə düşmək üçün artıq evdə öz “təşviqat kampaniyamı” da aparmağa başlamışdım. Lakin namizədliyimi “könüllü şəkildə geri götürdüm”. Niyə? Çünki erməni “sifəti”ni gördüm, onların bizə olan münasibətini o vaxt tam anlamasam da, öz uşaq ağlımla nəsə sezdim...
Yaxşı xatırlayıram, hündür, qalın hörüyünü ag bantla bağlamış, qara saçlı, qaraqaş, qaragöz, ağbəniz bir erməni qızına çox maraqla baxırdım, təxminən böyük bacım yaşda olardı. Erməni qız da bizim sinfimiz olan cərgədəki “oktyabryat”lara baxaraq yanındakı oğlana erməni dilində nəsə deyirdi. Hərdən ikisinin də qaşları çatılır, öz aralarında nə isə danışırdılar, tez-tez bizim cərgəyə baxırdılar. Mən cəsarətlənərək yaxın gəldim və altdan yuxarı bunlara baxdım. Həmin erməni qız nifrətlə məni süzərək öz dilində nə isə dedi və pis nəzərlərlə yuxarıdan aşağı baxaraq üzünü çevirdi. Mən “erməni gördüm”. O hadisədən sonra çox pessimizmə qapıldım. Həmin qızın sinəsinə vurduğu Leninin başı həkk olunmuş komsomol nişanını ona “halal etmədim” və Azərbaycan folklor nümunələrindən qızın ünvanına “xoş” arzular göndərdim...
Sonralar belə ermənilərə görüş və tədbirlərdə də rast gəldim və hər dəfə də bu mənə həmin o erməni qızı xatırlatdı. Düzdür, biz artıq erməni məktəbinə qonaq gedə bilmədik. Çünki 1988-ci ildən alovlanan Qarabağ hadisələri müharibə məcrasına keçmişdi. Bizim erməni məktəbinə qonaq getmək layihəmiz baş tutmadı. Ermənilər artıq bizim məktəbimizin binasını da atəşə tutaraq, məktəbə öz güllələrini qonaq göndərirdilər. Vaxtilə gül-çiçəklə qarşılandıqları məktəbimizin həyətinə indi güllələri gəlirdi...