Modern.az erməni xəbər mənbələrinə istinadla xəbər verir ki, qondarma “DQR” “müdafiə naziri” Movses Akopyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Sofi Paqsli ilə görüşündə hərbi əsirlər və iki azərbaycanlı hərbiçisinin meyitinin qaytarılması məsələsini müzakirə edib. Gələcək fəaliyyətlərini əlaqələndirmək baxımından belə təmasların vacibliyini deyən BQXK-nin nümayəndəsi münasibətlərin dərinləşdirilməsini vacib hesab edib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin əməkdaşı İlahə Hüseynova Modern.az saytına məlumatında bildirib ki, prezidentlərin Həştərxanada keçirdikləri görüşdə əldə olunmuş razılıqdan sonra hələki quruma rəsmi müraciət edilməyib.
“BQXK vasitəçi təşkilatdı, qurumumuz iki ölkə arasında vasitəçilik missyasını yerinə yetirəcək”-deyə İ.Hüseynova deyib.
Qeyd edək ki, hazırda Azərbaycanın ermənilərdə 2 hərbi, 1 mülki əsiri və 2 meyiti var.
Azərbaycanda isə 6 erməni hərbi əsiri və 5 nəfərlik erməni ailəsi, eyni zamanda intihar edən 1 erməni kəşfiyyatçısının meyiti var.
Oktyabrın 27-də prezidentlər Dmitri Medvedev, İlham Əliyev və Serj Sərkisyanın Həştərxanda keçirilən görüşündə Azərbaycan və Ermənistan tərəfində olan hərbi əsirlərin və meyitlərin dərhal dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub.
Hərbi əsirlərin dəyişdirilməsi, həlak olanların meyitlərinin qaytarılması ATƏT-in Minsk qrupu həmsədrləri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) iştirakı baş tutmalıdır.
Modern.az