Modern.az

Şəhidlərimizin meyitləri ermənilərdən alındı...

Şəhidlərimizin meyitləri ermənilərdən alındı...

Ölkə

6 Noyabr 2010, 15:46


Bu gün Azərbaycan və Ermənistanın təmas xəttində, Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında hər iki tərəfdən olan meyitlərin dəyişdirilməsi prosesi həyata keçirilib. Proses Beynəlxalq Qızıl Xaç Komitəsininin vasitəçiliyi ilə baş tutub. Meyitləri qaytarılan hərbçilərimiz Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovdur. 
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bərdə ofisinin başçısı Elen Plenevo ANS-ə bildirib ki, “cəsədlərin qaytarılması kədərli hadisə olsa da, vəfat etmiş şəxslərin ailələri öz əzizlərini dəfn edib onlara yas tuta biləcəklər".
"Biz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar repatriasiya prosesinin son vaxtlar intensivləşməsinə sevinirik", - deyə o əlavə edib.
Bu həftənin əvvəlində neytral vasitəçi qismində çıxış edən BQXK, bütün aidiyyəti olan tərəflərin razılığına əsasən Ermənistanda saxlanılan bir nəfər mülki şəxsin və bu ilin oktyabr ayında Bakıda vəfat etmiş Ermənistan vətəndaşının cəsədini repatriasiya edib.
Cenevrə Konvensiyalarına əsasən fəaliyyət göstərən BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən işləyir.

****
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da məlumat yayıb. Modern.az xəbər verir ki, komissiyanın məlumatında bildirlib:
"Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il və 4 sentyabr 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçiləri - İbrahimov Mübariz Ağakərim oğlu və Əhmədov Fərid Güloğlan oğlunun meyitləri 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınıb. Həmin gün həmçinin, 18 iyun 2010-cu il tarixdə Tərtər cayından tapılmış erməni meyidi qarşı tərəfə qaytarılmışdır. İdentifikasiya prosesində meyitin Ağdərə rayonu, Maqadis kənd sakini, 1924-cü il təvəllüdlü Arustamyan Qavruşa Xaçaturoviçə aid olduğu müəyyənləşdirilmişdir. İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir".

****
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 2005-ci ildə hərbi xidmətə cağrılıb. Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib. Xidməti zamanı çavuş rütbəsi alıb və xidmətini 2007-ci ildə bitirib. 2009-cu ilin avqust ayında yenidən könüllü olaraq hərbi xidmətə yollanıb. O, gizir rütbəsi ilə cəbhənin Tərtər iatiqamətindəki N saylı hərbi hissədə qulluq edirdi. Bu il iyunun 19-da Tərtərin Çaylı kəndi istiqamətində təkbaşına Ermənistan silahlı qüvvələrinin səngərinə daxil olaraq düşmənlə vuruşub, xeyli erməni hərbçisini məhv edib, qəhrəmanlıqla şəhid olub. İşğalçılar hələ də onun cəsədini qaytarmaqdan imtina edirdilər.
Azərbaycan Respublikası prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

***
Milli Ordunun zabiti Fərid Gülağa oğlu Əhmədov 1986-ci il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. Sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına həlak olub.
Fərid Əhmədov 2003-cü ildə orta məktəbi bitirərək Heydər Əliyev adına ali məktəbə daxil olub. 2007-ci  ildə oranı bitirib, 2007-2008- ci illərdə Təlim-Tədris Mərkəzində leytenant rütbəsi  almaq üçün kurs keçib və istəyinə nail olub. 2008-2009-cu illərdə Gəncədə xidmət edib. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə - döyüş bölgəsinə təyinat alıb, uğurlu xidmətinə görə tez bir zamanda baş leytenant rütbəsi alaraq kəşfiyyat bölük komandiri olub. 2010-cu il sentyabrın  4-də baş verən şiddətli döyüşdə şəhid olub.
Onun meyiti düşmənin nəzarəti altında olan ərazidə qalmışdı. Ermənilər meytiti qaytarmaqdan imtina edirdilər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı