
Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun cənazəsi ilə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində vida mərasimi başa çatıb. Modern.az-ın mərasimdə olan əməkdaşının verdiyi məlumata görə, hər iki şəhidin cəsədləri dəfn olunmaq üçün ikinci Fəxri Xiyaban aparılıb. Vida mərasimdə hərbçilər, ictimai xadimlər, sravi vətəndaşlar iştirak edib. Prezident İlham Əliyev də vida mərasiminə qatılıb.
Modern.az xəbər verir ki, şəhid hərbçilərimiz – Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun cənazəsi ikinci Fəxri Xiyabanda dəfn edilib. Dəfn törənində böyük izdiham yaşanıb. Mərasimdə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndirilib, səmaya yaylım atəşləri açılıb.
Mərasimdə müdafiə naziri Səfər Əbiyev, milli təhlükəsizlik naziri Eldar Mahmudov, hərbçilər, ictimai xadimlər, sravu vətəndaşlar iştirak ediblər.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 2005-ci ildə hərbi xidmətə cağrılıb. Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib. Xidməti zamanı çavuş rütbəsi alıb və xidmətini 2007-ci ildə bitirib. 2009-cu ilin avqust ayında yenidən könüllü olaraq hərbi xidmətə yollanıb. O, gizir rütbəsi ilə cəbhənin Tərtər iatiqamətindəki N saylı hərbi hissədə qulluq edirdi. Bu il iyunun 19-da Tərtərin Çaylı kəndi istiqamətində təkbaşına Ermənistan silahlı qüvvələrinin səngərinə daxil olaraq düşmənlə vuruşub, xeyli erməni hərbçisini məhv edib, qəhrəmanlıqla şəhid olub.
Azərbaycan Respublikası prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.
Milli Ordunun zabiti Fərid Güloğlan oğlu Əhmədov 1986-ci il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub.