Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxüslam hacı Allahşükür Paşazadə şəhidlərimizin dəfn mərasimində azərbaycanlıların Həcc ziyarətinə toxunub. O, qeyd edib ki, bir neçə gün öncə Həccə yola salınan zəvvarlardan biri - Zakir Ağayev yolda xəstələnib: “Məlum olub ki, həmin zəvvarda ruhi çatışmazlıq var”. Təəccüblüdür, bəs ruhi çatışmazlığı olan şəxsin Həcc kimi ağır bir səfərin yolçusu olmasına necə icazə verilib?
Məsələ ondadır ki, hər bir zəvvar ziyarətə yola düşməmişdən öncə tibbi müayinədən keçir. Ciddi problemi olanlara bu müqqədəs yolçuluq yasaq edilir.
Maraqlıdır, ruhi çatışmazlığı olan Zakir Ağayevə hansı tibb müəssisəsi sağlamlıq haqqında sənəd verib?
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Modern.az saytına bildirib ki, hər bir zəvvar yaşadığı ərazidə müvafiq tibb müəssisəsində müayinə olunur. O, QMİ-nin ayrıca klinikasının olmadığını qeyd edib.
R.Dadaşova deyib ki, Zakir Ağayev Ağsu rayonun Pirhəsənli kəndindəndir: “Ziyarətə gedən zaman onda pisxi pozuntu yaranıb. Ona görə də bu zəvvar idarəmizin Həccə gedən əməkdaşları tərəfindən Suriyadakı yaxşı kilinikaların birinə yerləşdirilib. Bizim həkim briqadamız belə xəstəliyin öhtəsindən gələ bilməzdi. Ona görə Zakir Ağayevi klinikaya yerləşdiriblər. Hazırda orada müalicə alır. Zəvvarlarımız vətənə dönəndə həmin xəstə də onlarla birgə geri qayıdacaq. Xəstənin müalicəsi üçün lazım olan vəsait bizim idarə tərəfindən ödənilib. Zəvvar Zakir Ağayevin ailəsi ilə əlaqə də saxlanılıb. Bildiriblər ki, pisxi pozğunluq Zakirdə bir neçə dəfə baş verib”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə də əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, araşdırma aparılacaq və bu barədə Modern.az-a məlumat veriləcək.
Mail Ağaxanov