Deputatlığa keşmiş namizəd Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınma ilə əlaqadar axtarışda olub. Modern.az-a daxil olan məlumata görə, onun Azərbaycan-Gürcüstan sərhəd buraxılış məntəqəsində saxlanması bununla bağlıdır.
B.Hacıyev “Azadlıq” radiosuna deyib ki, sərhədçilər əvvəlcə onu pasportunda müəyyən problemlər olduğuna görə saxladıqlarını bildirsələr də, sonradan bunun üçün tapşırıq aldıqlarını deyiblər:
“Saat 17-dən Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsinin Azərbaycan tərəfində saxlanmışam. Əvvəlcə məni pasportumda bəzi anlaşılmazlıqlar olduğunu əsas gətirərək saxlamışdılar. Daha sonra sərhədçilər saxlanmam barədə tapşırıq aldıqlarını söylədilər”.
Qırmızı körpü sərhəd keçid məntəqəsinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri isə “Azadlıq” radiosuna deyib ki, ümumi axtarış sistemi bazasında Bəxtiyar Hacıyevin Azərbaycanı tərk etməməsi ilə bağlı göstəriş var və o buna əsasən saxlanılıb.
Bəxtiyar Hacıyev 7 noyabr parlament seçkilərində 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputatlığa namizəd olub. Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələrinə görə, o, bu dairədə 749 səs topayıb və üçüncü olub.
Bəxtiyar Hacıyevin qardaşından alınan son məlumata görə, Bəxtiyar Qazax Hərbi Prokrorluğunda dindirilib. Sonra onu yenidən Şəmkir sərhəd qoşunlarının N saylı hərbi hissəsinə aparıblar.
Modern.az