
Sosial cəbhənin nüfuz dairəsində baş verən “çaxnaşma” əsl şok effekti yaratdı. Kiminsə qanı tökülmədi, başı kəsilmədi. Amma ağlımız vücudumuza rəhbərlik etmək məsələsində aciz göründü. Milli hisslərimiz milli valyutamıza təslim oldu.
Yola saldığımız həftəyə hansı aspektdən yanaşsaq, gündəmi silkələyən məsələ manatın devalvasiyaya uğraması oldu. Bir gecədə cibimizi sümürənlərə ikiəlli pul sayıb verən bizlər olsaq da, onların halımıza biganəliyi ikiqat zərbə təsiri bağışladı. Şöhrət arxasınca qaçıb rüşvətə yol açanda gözümüz cibimizdəki pulu görmürdü. Amma, manatın ikinci dəfə devalvasiyaya uğraması gözümüzü dörd açdı. Daha insanların bir tikə çörəkdən başqa nəsə düşünməyə halı yoxdur.
Qaldı ki, 10-15 minə klonluk edən artistlərin “əyilmiş” səsindən feyziyab olmağa, bax buna nə həvəs, nə də pul var. Millət əlində olan 5-6 manatı alışıb-yanan marketlərdə “söndürür”.
Reallıq odur ki, insanların üzündəki olan-qalan nəşəni də dollar “yuyub” aparıb. İndiki durumda kasıbın pulu bir tikə çörəyi almağa ancaq bəs edir. Nəzərə alsaq ki, rayonlarda, kənd yerlərində insanların əksəriyyəti hazır zavod çörəyi yox, kisələrlə un alır, deməli, vəziyyət bir az da çətindir. Aya iki kisə undan çörək bişirən külfət ailələr var. Manatın dəyərini itirməsi həmin ailələrdə ciddi çörək problemini gündəmə gətirir.
Daha itin-pişiyin qabağına çörək atanlara rast gəlmək mümkün deyil. Unun kisəsi baha, çörəyi əldə etməyə isə pul yox! Həmçinin, un məhsullarının yenidən bahalaşması istisna deyil. Hansısa yetimin qarnını doydurmaq məsələsində xəsislik nümayiş etdirərkən, 2 saatlıq bir-iki bayağı ifaya görə əlimizi cibimizə salanda daha səxavətli görünürdük. Deyəsən, bəzilərinin oduna çoxlarımız yanmaqda davam edəcəyik.
Mərkəzi Bankın qərarından sonra manat “üzən məzənnə”yə keçid etsə də, dollar milli valyutamızı üstələməkdə israrlı görünür. Manat üzməyə davam etdikcə, bəzi işbazlar yaranan vəziyyətdən ciblərini doldurmaq üçün faydalanır. Alış-veriş mərkəzlərində bayramqabağı kəllə-çarxa çıxan qiymətlər cibi boş müştərini yorğanına görə hərəkət etməyə sövq edir. Bu arada, istəsək də, istəməsək də deputat Hadı Rəcəblinin qənaət etmək təklifi daha real görünür.
Zatən, adi günlərdə kasıbın gözucu baxdığı çərəzləri dadmaq üçün ildə bir dəfə keçirilən bayram süfrəsi var. Di gəl ki, üzümüzə gələn yeni il axşamı bu da olmayacaq. Manatın dekabr devalyasiyası ilin sonuna az qalmış vətəndaşları böyük sosial krizisin qoynuna atdı. Adama deyərlər, indi oyna görüm necə oynayırsan.
Artıq bölgələrdə toy mərasimləri toy sahibləri üçün gözlənilməz sürprizlər etməyə başlayıb. İş o yerə çatıb ki, dəvət edilənlərin əksəriyyəti toyda iştirak etməkdən imtina edir. Hətta, borca girib övladına toy çaldıranlar çəkdikləri maliyyə xərclərini ödəyə bilmir. Səbəb isə odur ki, toya dəvət edilənlərin 60%-i ödəməli olduqları nəməri sabahkı gün üçün saxlayır. Beləliklə, manatın dəyərdən düşməsi toy bazarını çökdürməkdədir.
Əslində, Mərkəzi Bankın sədri Elman Rüstəmovun inamlı çıxışının pərdəarxası gizlinləri qarşıda bu cür “xoş sürprizlərin” olacağına işarə imiş. Amma ölkənin baş bankirinə olan ümidlər çox böyük idi. Təəssüflə qeyd etmək yerinə düşər ki, kəskin devalvasiya olmayacağını təxmini əminliklə dilə gətirən Elman Rüstəmovun proqnozları özünü doğrultmadı.
Fevral devalvasiyası zamanı insanların əhval-ruhiyyəsi qorxu içində idi. Banklara kredit borcu olanlar ikiqat təşviş içində qıvrılırdı.
Elman müəllim deyəndə ki, əhalinin əksəriyyəti pulunu yastığının altında saxlayır, deməli, ölkədə ikinci devalvasiyanın təsirindən yaranan bahalaşma qorxulu olmamalı idi. Necə olsa, hamının yastığının altında “küp” yatır.
Manatın ikinci dəfə dollar qarşısında 50% ucuzlaşması ailə büdcəmizi dərin ehtiyac meyarlarına təhvil verdi. İndi ehtiyaclarımızı təmin etmək məsələsində cibimiz “lüt” görünür. Bahalaşma sürətlə davam edir. İnsanlarda bayram əhval-ruhiyyəsi yoxdur.
Qapısında toy çaldıranlar xeyirdən çox ziyana pənah aparır. Yas mərasimlərində insanlar bilmir ölülərinin dərdinə ağlasın, yoxsa, sadə yas süfrəsinə pul xərcləsin.
Bu, bəzilərinə gülməli təsir bağışlasa da, hamı Ağadadaş Ağayev kimi dollarla “çay pulu” ödəmir.
Digər tərəfdən də yerli məhsullar gözləmə mövqeyindən təcili hərəkətə keçiblər. Kimi dindirirsən, deyir ki, biz qiymətləri qaldırmağa məcburuq.
Amma heç kəs demir ki, milləti çörəklə sınağa çəkmək olmaz. İnsanlar ailəsini bir tikə çörəklə təmin etməkdən ötrü bütün işləri təxirə salıb. Əlavə ehtiyacları ödəmək sıradan çıxarılıb.
Bir sözlə, milli valyutası devalvasiyaya uğrayan da bizik, devalvasiyadan istifadə edib insanları bir tikə çörəklə imtahan edən də biz.
Namidə BİNGÖL