Azərbaycanda görkəmli sənətkar kimi tanınmış istedadlı kamança ustası Habil Əliyev həm də müdrik, hazırcavab və zarafatcıl söz adamıdır. Uzun illərdir musiqiçilər, ziyalılar arasında onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır.
Modern.az ötən günlərdə Habil Əliyevin duzlu-məzəli lətifələrindən bəzilərini oxucuların diqqətinə çatdırmışdı. Bu zarafatcıl söz adamının danışdığı real hadisələrdən bəhs edən daha bir neçə maraqlı əhvalatı sizə təqdim edirik: *** Sabirabadda toyda bir nəfər gəlib Habil Əliyevə yaxınlaşıb sifariş verir: - Habil müəllim mənə bir “Rast” çal, içində “Segah” da olsun, “Çahargah” da olsun, “Şur” da olsun”… Habil Əliyev deyir: - Baş üstə! Amma bir şərtim var. Get mənə bir qarpız gətir, içində badımcan da olsun, pomidor da olsun, xiyar da olsun…
*** Dirijor Nəriman Əliyev bir dəfə çayxanada Habil Əliyevə söz atır: - Hökumət səni çox şişirdir, sənə fəxri ad verir, orden verir, şərait yaradır, bütün rəsmi konsertlərə dəvət edir… Bu arada söhbətin üstünə bir rəssam gəlib çıxır və Habil Əliyevə üz tutur: - Habil müəllim, portretinizi işləmək istəyirəm, mənə bir şəkliniz lazımdır. Nəriman Əliyevi od götürür: - Habil, görürsən, mən düz deyirəm. Budur, sənin portretini də sifariş veriblər. Rəssam təəcüblə soruşur: - Habil müəllim, bu kimdir? Habil Əliyev rəssama deyir: - Tanımırsan?! Sənin yerlindir. Gəncəlidir, dirijordur. Rəssam başını bulayır. Habil Əliyev dirijora deyir: - Nəriman, yerlin səni tanımır, çünki sən həmişə səhnədə arxanı tamaşaçılara çevirirsən. A kişi, üzünü çevir, yerlin səni arxadan tanısın.*** On iki-on üç yaşım olardı, Ağdaşda İrandan gəlmə bir Saab adlı qadın vardı. Tez-tez ərə gedib ayrılardı. Hər dəfə də onun toyunu mənim kiçik musiqiçi dəstəm edərdi. Toyda bir özü olardı, bir ərə getdiyi kişi, bir də qonum-qonşu uşaqları. Hər dəfə onun təzə ərə getdiyi kişi bizə 7-8 manat pul verərdi. Yeddinci toyda bizə çəmi 3 manat verdilər. Saab bizim üzümüzü turşutduğumuzu görəndə mənə dedi: - Habil, ürəyini sıxma, gələn dəfə ərə gedəndə, toyumda kişimə deyəcəm sizə çox pul versin.
Modern.az