Modern.az

Telekanlların "toy sevgisi" və ya xarici televerilişlərin “kseroks”u...

Telekanlların "toy sevgisi" və ya xarici televerilişlərin “kseroks”u...

Ölkə

29 Noyabr 2010, 16:22

Azərbaycan xalqının əsas ənənələrindən biri öz milli adətinə uyğun toy etməyidir: elçi gedib qız istəmək, nişan, xına günü təyin etmək, toy etmək. Bu proses uzun bir yol gəlsə də, hər zaman belə mərasimlərdə milli adət-ənənələrimizə riayət etməyə çalışırıq.

Son dövrlərə qədər efir məkanında ciddi verilişlər üstünlük təşkil edirdisə, artıq telekanallarda şou xarakterli proqramlar aparıcılığı ələ alıb. Bunların ən qəribəsi toyla bağlı yeni proqramlardır. Bu verilişlər də digərləri kimi xarici kanallardan oğurlanmış ideyadır. Hər zaman olduğu kimi, bu dəfə də şou xarakterli proqramları özümüzdə tətbiq edən telekanallar milli adət-ənənələrimizi unudublar. Efir məkanında elçilik olur, qız istənilir, toy edilir. ANS-in “Toy olsun”, ATV-nin “Onun yarısı” verilişlərində olduğu kimi...

Qeyd edək ki, cəmiyyətdə də belə verlişlərə münasibət birmənalı deyil. Əksəriyyət həmin proqramları pisləyir, onların mentalitetimizə uyğun olmadığını bildirir.

Telekanallar hər zaman yüksək reytinq əldə etmək üçün çalışırlar. Birinciliyi əldə saxlamaq üçün isə çox zaman xarici kanallarda yüksək reytinq yığan proqramların “kseroks”unu öz efir məkanlarına transfer edirlər. Kortəbii olaraq istənilən belə yüksək reytinqli proqramlardan istifadə cəmiyyətdə bir çox fəsadlara gətirib çıxarır. Gənclərin zövqü korlanır, yeniyetmələrin ailə qurmaq məsələsinə baxışlarında anormallıq formalaşır.

Türkiyədə yüzlərlə kanal var, biz niyə yaxşılardan nümunə götürmürük?

Toy verilişləri, ümumiyyətlə şou proqramlar təkcə adi insanları yox, eləcə də ziyalıların, siyasətçilərin də narazılığına səbəb olub.

Efir məkanında yeni yaranan toy proqramlarına Milli Məclisin deputatı Məlahət İbrahimqızı öz münasibətini bildirib. O, Modern.az-a açıqlamasında deyib: “Bu verilişlər nənə və babalarımızın yaratdığı, Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı mənəvi dəyərlərin aşınmasına xidmət edir. İstər 2001-ci il avqust ayının 15-də milli liderimiz Heydər Əliyevin xalqa müraciəti, istərsə də keçən ilin oktyabr ayında Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mətbuatda dərc olunan məqaləsində Azərbaycan xalqının mənəvi dəyərlərinin qorumasının bilavasitə məsuliyyətli bir məsələ olduğu vurğulanıb”.

Xanım deputat efirdə yayımlanan toy proqramlarının milli dəyərlərimizə uyğun olmadığını və onları izləmədiyini də qeyd etib: “Deyilənlərə görə, efirimizdə yayımlanan toy proqramlarına uyğun Türkiyə kanallarında da verilişlər var. Amma unutmayalıq ki, Türkiyədə yüzlərlə kanal var və biz onların ən yaxşı proqramlarıni özümüzdə tətbiq etməliyik. İnsanın biliyini zənginləşdirən, maarifləndirən, dünyagörüşünü artıran verilişlərdən nümunə götürmək lazımdır. Ümumiyyətlə, xarici kanallardan hansısa proqramı götürərkən fikir vermək lazımdır, bu, bizim xalqın, türk millətinin mənəviyyatına uyğundurmu? Azərbaycan xalqının qədim zamanlardan bu günə qədər qoruduğu dəyərli ailə ənənələri var. Belə xalqın nümayəndələri isə həmin ənənələrin aşınmasına xidmət eləyən verilişlər yayımlayırlar”.

Millətin aparıcı insanları sözlərini desəydilər, bu gün televiziya kanallarını mənəviyyatımıza zidd olan verilişlər zəbt etməzdi

M.İbrahimqızı parlamentdə də belə verilişlərlə bağlı müzakirələr aparıldığını bildirib: “Şou proqramların efirdə yer alması siyasətçilərin də böyük məsuliyyət daşıdığı parlament rəhbərliyi tərəfindən qeyd edilib. Bu məsələya etiraz ayrı-ayrı millət vəkilləri tərəfindən də səsləndirilib və hətta bu işdə əllərindən gələni etməklə bağlı müraciət də hazırladılar, amma hesab edirəm ki, bu məsələnin həlli elə orada qaldı”.

Deputat mənəviyyatımıza zidd verilişlərin efirdə yayımlanmasının qarşısını almaq üçün öz təkliflərini irəli sürüb:

“Hesab edirəm ki, biz ictimai qınağı yetərincə inkişaf etdirməmişik. İctimai qınaq yetərli olsaydı - ziyalılar, millətin aparıcı insanları, siyasətçilər şou xarakterli proqramlar ilə bağlı öz sözlərini desəydilər, bu gün televiziya kanallarını mənəviyyatımıza zidd olan verilişlər zəbt etməzdi. Bütün ziyalılar-istər media nümayəndələri, istərsə də siyasətçilər davamlı olaraq bu verilişlərə öz münasibətini bildirməlidir. Televiziya kanalları və mətbuat səhifələrində monitorinq aparılmalı və media nümayəndələri, siyasətçilərdən ibarət ictimai qurum bununla bağlı hesabat hazırlamalıdır. Həmin hesabata uyğun, hansı telekanalın və ya mətbu orqanın mənəviyyatımıza zidd verlişlər verdiyi və ya yazılar yazdığı təsbit edilməlidi, aidiyyatı qurumlara bildirilməlidir. Əsas ictimaiyyətətin gücü olmalıdır, ictimaiyyət öz münasibətini bildirməsə, ictimai qınaq formalaşmasa, biganəlik aradan götürülməsə, nəticəni heç zaman əldə etməyəcəyik”.

“Milli dəyərlərimiz sərvətimizdir. Sərvətimizə sahib çıxmalıyıq” deyə Milli Məclisin deputatı Məlahət İbrahimqızı əlavə edib.

İnsana qəribə gəlir ki, nə olub bu cavanlara?

22 yaşlı gənc Gültəkin Quliyeva da gənclərin telekanallardakı toy proqramlarında evlənməyini yaxşı qarşılamır: “Toy proqramları təzə-təzə yayımlananda qınaq obyektinə çevrilmişdi. İdeyası Türkiyənin telekanallarından götürülən həmin proqramlar artıq iki aydır yayımlanır və insanlar yavaş-yavaş orda baş verən proseslərə öyrəşirlər. Həmin proqramlarda yaşlı nəslin, boşanmış insanların evlənməsinə pis baxmıram. Amma 18-20 yaşında oğlan, qızlar da, hətta ali məktəblərdə oxuyanlar da ora evlənməyə gəlirlər. İnsana qəribə gəlir ki, nə olub bu cavanlara? Sizin evlənmək yaşınızdır ki..? Və ya ətrafınızda, qohum-əqrəbanızda evlənəcək insan yoxdur ki? Bunun əsas səbəbi məncə, gənclərin toy xərclərinin həmin proqramlar tərəfindən ödənilməsi ilə bağlı şirniklənmələridir. Bütün cehizi onlar verdiyinə, toy xərclərini ödədiklərinə görə toy proqramlarında evlənənlərin sayı artıb. Bir həftə içində qız istənilir, nişan, xına mərasimləri keçirilir, toy edilir.  Bir həftədə insanı necə tanımaq olar? Hətta illərlə tanışanlar belə, bir-birlərini yaxşı tanımırlar”.

Ayaqqabı ilə ev almağı bir tutan cavanlar toy proqramlarına gəlirlər

23 yaşlı gənc xanım Şəhanə Rəhimova isə toy proqramlarının yayımlanmasını həm normal qarşıladığını, həm də bəzən onlara pis baxdığını deyir: “Rayonlarda oğlanlar xaricə işləməyə gedirlər. Orada olan qızların isə zaman keçtikcə yaşları ötür. Bu baxımdan onların həmin toy proqramlarında evlənməsi yaxşıdır. Amma 18-22 yaşında olan cavanlar da müraciət edir ki, elələrini görəndə əsəbləşirəm. Orta və ya yaşlı nəslin vaxtı yoxdur özlərinə ər və ya arvad axtarmağa. Sizə nə olub? Nə yaşınızdır ki, sizin? Həm də istəsəniz həyatda da evlənəcək insan tapa bilərsiniz. Digər tərəfdən ciddi olmayan şəxslərin ora gəlməsi toy proqramlarına olan inamı azaldır. Elə insanlar gəlir ki, bilmək olmur evlənməyə gəlib, yoxsa vaxtını keçirməyə. Ayaqqabı ilə ev almağı bir tutan cavanların ora gəlməsi toy proqramlarının reytinqini salır. Yaşlılarda isə bunu hiss eləməmişəm”.

Aytən ƏLIYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı