Modern.az

Səhiyyə və Təhsil nazirliklərinin dövlətə vurduğu böyük ziyan müəyyən edilib

Səhiyyə və Təhsil nazirliklərinin dövlətə vurduğu böyük ziyan müəyyən edilib

Ölkə

2 Dekabr 2010, 13:17

Hesablama Palatasının hesabatında deyilir ki, ayrı-ayrı dövlət qurumlarının tərkibində olan tikinti idarələrinin fəaliyyətinin, onların nəzarət funksiyalarının nəticəsizliyi olaraq dövlətə zərər dəyib


Ekspert rəyi: “Nazirliklərin tərkibində olan tikinti idarələri ləğv edilməlidir”

Azərbaycanda bir sıra nazirliklər və dövlət komitələri öz tərkiblərində tikinti idarələri saxlayır və bununla bağlı ştat ayırırlar. Halbuki, belə tikinti idarələrinin əlahiddə olması və sifaişlə işləməsi daha məqsədəuyğun hesab edilir. Modern.az bu məsələ ilə bağlı bir neçə ekspertdən rəy öyrənib.

Tanınmış iqtisadçı ekspert Nazim Məmmədov bildirib ki, Azərbaycanda investisiyanın çox  hissəsi həm təhsilə, həm də səhiyyəyə yönəldilir. İnvestisiyalar həmin sahələrə yatırılarkən   “Satınalmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tenderlər keçirilir.
Ekspertin sözlərinə görə, adətən böyük investisiya layihələri həyata keçirən qurumların tərkibində olan (səhiyyədə və təhsildə) tikinti idarəsinin funksiyaları heç də birbaşa tikinti fəaliyyəti ilə məşğul olmaq deyil. Sadəcə olaraq, həmin idarələr qanunvericiliyə müvafiq qaydada riayət olunması müqabilində tikintini həyata keçirənlərə dövlət sifarişiçisi kimi nəzarət etmək funksiyasını daşıyır.

“Bunların qanunvericilikdə səlahiyyətləri daha dəqiq olmalıdı. Hesablama Palatasının son hesabatında belə pərakəndəliyin vurduğu ziyan göstərilib. Bu hesabatda həm səhiyyə, həm də təhsil sahəsindəki tikinti departamentlərinin fəaliyyətinin, ştatların böyüklüyünün və onların nəzarət funksiyalarının nəticəsizliyi olaraq dövlətə vurulmuş kifayət qədər ziyan göstərilib.

Ona görə bütün bunlar bazar iqtisadiyyatı şəraitində daha da mükəmməlləşməli, hüquq və vəzifələri konkret olaraq qanunvericiliklə müəyyənləşməlidir.  Biz bunun böyük bir bürokratik struktura çevrilməsinin qarşısını almalıyıq”-deyə N.Məmmədov bildirib.

Ekspert ayrı­-ayrı nazirliklərin tərkibində olan tikinti iadrələrinin ləğv edilməsinin tərəfdarı olduğunu deyib: “Bu idarələr Nazirlər Kabinetinin tabeçiliyinə verilsə, daha effektiv olar”.

Onun sözlərinə görə, bütün bu idarələri cəmləşdirərək onlara Nazirlər Kabinetinin yanında  Baş nazirin müavinlərinin birinin birbaşa nəzarətini təmin etmək olar.

“Dövlət investisiya xərcləri üzün müddət hələ davam edəcək. Çünki Azərbaycanın infrastrukturunun, o cümlədən təhsilin və səhiyyə infrastrukturlarının yeniləşməsinə hələ də ehtiyac var. Odur ki, baş nazirin müavini Abid Şərifovun özünün səlahiyyətləri çərçivəsində ayrıca bir şöbədə bu işləri koordinasiya etmək olar”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun sözlərinə görə, beynəlxalq təcrübədə müxtəlif profilli şirkətlərin tərkibində tikinti və digər fəaliyyətlə məşğul olan idarənin olması qəbul olunan deyil.
“Dövlət qurumlarında tikinti idarəsinin yaradılması bazar iqtisadiyyatının meyarlarına tamamilə ziddir, çünki bu səmərəlliliyin aşağı düşməsinə, eləcə də şəffaflığın azalmasına gətirib çıxarır. İnkşaf etmiş Qərb ölkələrində olduğu kimi, profili tikinti olmayan şirkətlərin sifarişlərini başqa tikinti şirkətlərinə tender vasitəsi ilə verilməsi daha məqsədəuyğundur”-deyə V.Bayramov qeyd edib.  

Ekspert hesab edir ki, dövlət qurumları tikinti ilə bağlı sifarişlərini tender vasitəsi ilə verməlidirlər.

Dövlət orqanlarına məxsus olmayan və heç bir əlaqəsi olmayan, tenderdə qalib gəlmiş şirkət məhz həmin tikinti işlərini aparmalıdır. İqtisadçı deyir ki, belə imkan tikinti şirkətləri ilə bağlı şəffaflığın təmin olmasını mümkün edər. Bu zaman tikinti işinin daha ücuz və səmərəli həyata keçirilməsi mümkündür. V.Bayramovun fikrincə, bu halda tikinti işinə nəzarət imkanları, sifarişə nəzarət imkanları daha geniş olur. Çunki artıq məsuliyyətli tərəf dövlət qurumunun özü deyil, tamam kənar, hansısa özəl şirkət olur.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı