
Parlament seçkiləri zamanı siyasi partiyaların yaratdığı seçki bloklarının siyasi taleyi qeyri-müəyyəndir. Xatırladaq ki, 2010-cu il parlament seçkilərində bir sıra siyasi partiyalar tərəfindən “Qarabağ”, “İnsan Naminə”, “İslahat”, “Demokratiya” və “AXCP-Müsavat” seçki blokları təsis edilib və seçkilərə qatılıb.
Ümumilikdə bu blokların 125 namizədi qeydə alınsa da, çox az sayda şəxslər deputat mandatı ala bilib. Məsələn, “Qarabağ” blokunda ADP ilə müttəfiq olan Ümid partiyasının sədri İqbal Ağazadə Sərdar Cəlaloğlundan fərqli olaraq mandat qazana bildi.
“İslahat” blokuna daxil olan hər üç partiyanın sədri –“Ədalət”çi İlyas İsmayılov, BAXCP-çi Qüdrət Həsənquliyev və “Böyük Quruluş”çu Fazil Mustafa parlamentə düşə bildilər. “Demokratiya” seçki blokunun liderləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deputat seçildilər. Yalnız “İnsan Naminə” və “AXCP-Müsavat” bu seçkilərdə “hasarın o üzündə” qaldılar. Bu seçki bloklarının heç bir namizədinin rəsmi şəkildə deputatlığı təsdiqlənmədi.
Seçkilər bitdikdən sonra seçki blokları barədə az danışırlar. Bəs bu seçki bloklarının siyasi taleyi necə olacaq? Modern.az bununla bağlı seçki bloklarının rəhbərlərinin mövqeyini öyrənib.
“Qarabağ” blokunun təsisçilərindən olan “Ümid” partiyasının sədri İqbal Ağazadə bildirib ki, hazırda seçki blokunun partiyaların siyasi blokuna çevrilməsi üçün danışıqlar gedir. “Hələki məsləhətləşmələr davam edir. Ola bilsin siyasi blokun yaradılması ilə bağlı yekun qərar həftəsonu elan ediləcək”-deyə İ.Ağazadə deyib.
“Demokratiya” blokunun təsisçisi olan DİP sədri Asim Mollazadə də VHP ilə siyasi əlaqələrin davamlı olacağını bildirib. Onun sözlərinə görə, bundan sonra onların parlament faəliyyəti birgə olacaq. “Blokun siyasi taleyinə isə aydınlıq gətiriləcək. Bizim bununla bağlı Sabir bəylə görüşümüz planlaşdırlır. Həmin görüşün nəticələrindən asılı olaraq blokun taleyi müəyyən ediləcək” –deyə A.Mollazadə bildirib.
“İslahat” seçki blokunun təsisçisi “Ədalət” Partiyasının sədri İlyas İsmayılov isə blokun çox güman ki buraxılacağını bildirib. “Seçki bloku ilə bağlı hələ heç bir müzakirə aparmamışıq. Çox guman ki, blok buraxılacaq. Buna baxmayaraq, bizim çox yaxşı münasibətlərimiz var və parlamentdə əlaqələrimiz davamlı olacaq”-deyə İ. İsmayılov vurğulayıb.
“İnsan Naminə” seçki blokunun təsisçisi olan Liberal Partiyanın sədri Əvəz Temirxan bildirib ki, blok buraxılmayıb. Onlar ölkədəki siyasi vəziyyətin aydınlaşmasını gözləyirlər. “Buna görə də “taym-aut” götürmüşük. Vəziyyətlə bağlı aydınlaşma olduqdan sonra bizim blokun siyasi taleyi ilə bağlı qərar veriləcək. Blokun siysi partiyaların blokuna çevriləcəyi istisna edilmir”-deyə Ə.Temirxan qeyd edib.
“AXCP-Müsavat” seçki blokunda isə hər iki partiyanın bir partiyada birləşdirməklə seçki blokunun fəaliyyətini belə davam etdirmək fikrindədirlər.
Modern.az