“Bütün siyasi partiyalarda olduğu kimi, ADP-də siyasi böhran özünü göstərir. Yeni adamlar partiyaya gəlmir, maliyyə dəstəyi yoxdur, təşkilatlanmada problemlər var”.
Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu seçkilərdən sonra siyasi müstəvidə müşahidə olunan durğunluğu şərh edərkən bildirib. Onun sözlərinə görə, ölkədə siyasi müstəvdə müşahidə olunan böhran yaxşı heç nə vəd etmir. İndiki məqamda hakimiyyətlə siyasi qüvvələr arasında dialoqun vacibliyini deyən ADP sədri qeyd edib ki, iqtidar israrla bu təklifi rədd edir.
“Son seçkilərdən sonra Milli Məclis artıq siyasi dialoq aparıla biləcək məkan anlayışından çıxıb. Odur ki, siyasi qüvvələrin birgə dialoqu indiki halda prezidentin siyasi iradəsindən asılı olan məsələdi. Siyasi qüvvələrlə münasibətlərin yeni müstəvisini yalnız o təklif edə bilər”-deyə ADP sədri vurulayıb.
Onun sözlərinə görə, partiyalarda müşahidə olunan böhranın səbəbi siyasi durğunluqdu. Cəmiyyətin passivliyi istər-istəməz partiyaların funksionallığına da təsir edir. ADP sədrinin fikrincə, siyasi münasibətlər artıq parlamentdən kənara çıxıb. Odur ki, müxalifətin əməkdaşlığı üçün əsas imkan verəcək tərəfləri müəyyənləşdirmək zərurətə çevrilib.
Modern.az