Yeni il bayramına hələ 20 gündən çox vaxt qalır, partlayıcı fişənglər satan işbazlar və ondan istifadə edənlər isə şəhərdə sabitliyi indidən pozmağa başlayıblar.
Hər il yeni il qabağı partalayıcı vasitələrin səsi Bakı sakinlərini narahat edir. Pirotexnik vasitələrin satışı qanunla qadağan edilsə də, ancaq satılır. Xatırladaq ki, Bakı şəhər İcra Hakmiyyəti başçısının 17 dekabr 2001-ci il tarixli sərəncamı ilə partlayıcı oyuncaqların, fişənglərin satışı və istifadəsi qadağan edilib. Həmin sərəncam indi də qüvvədədir.
Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən Modern.az-a bildirilib ki, hər yeni il ərəfəsində partlayıcı fişənglərin satışının və istifadəsinin qarşısını almaq üçün tədbirlər həyata keçirirlər. Bu il də belə tədbirlər görüləcək.
“Müəyyən bayramlarda uşaqların məxsusi yerləri yoxdursa, fişəng və digər partlayıcı vasitələr atmaqla onun səsindən xoşlanıb əylənirlər. Amma həm uşaqların, həm də bəzi digər şəxslərin partalayıcı vasitələrdən istifadə etməsi insanların sağlamlığına ziyandır”-deyə departamentdən bildirilib.
Qurumda hesab edirlər ki, son illər partlayıcı vasitələrin satışı azalıb.
Daxili işlər orqanlarının əməkdaşları da bu istiqamətdə tədbirlərə start veriblər. DİN Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ötən gün Bakı şəhərinin Xəzər və Qaradağ rayonları ərazisində fəaliyyət göstərən bir neçə ticarət obyektindən yüksək səsyayıcı qabiliyyətə malik olan 20 min ədəd partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.
Mail Ağaxanov