Hicabın əleyhinə olan Müəllimlər İnstitunun rektoru radikal dindarlardan qorxmadığını deyir
Azərbaycan Müəllimlər İnstitunun rektoru, Milli Məclisin üzvü Aqiyə Naxçıvanlı tələblərin hicabla ali məktəbə gəlməsinin qəti əleyhinə olduğunu deyib. Modern.az-a açıqlamasında deputat bildirib ki, Azərbaycanda təhsil dindən ayrıdır. Hicabın şəxsi iş olduğunu qəbul etdiyini deyən A.Naxçıvanlı bununla yanaşı, “ali məktəbdə buna yol vermək olmaz” söyləyib.
“Mən çox təəssüf edirəm ki, bu məsələdə ziyalılar mənə dəstək vermədilər”-deyən rektor ona qarşı dini kəsimin radikal ovaqatından çəkinmədiyini bildirib.
“Heç kimdən qorxmuram, çəkinmirəm. Bu mənim mövqeyimdir. Mən hesab edirəm ki, təhsilimiz dünyəvi olduğundan dinin bu məsələyə qarışacağı yoxdur”.
A.Naxçıvanlı qeyd edib ki, qızlarla bağlı hicabın belə müzakirə edilməsini başa düşmür. Onun fikrincə, bu məsələ həm də kişilərə aiddir. “Sabah auditoriyaya başında əmmamə, əynində arxalıq olan tələbə kişi girsə nə olacaq? Görüm buna razı olacaqlarmı?”-deyə A.Naxçıvanlı vurğulayıb.
Modern.az