
Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov bu ali təhsil müəssisəsinin dünyanın 2000 universiteti siyahısına düşməsinə münasibət bildirib:
“Şanxay metodologiyasında elmə, təhsilin keyfiyyətinə üstünlük verilir. Avropa metodologiyasında elm, təhsildən başqa tələbələrin dərsdən sonrakı fəaliyyəti də önəm daşıyır. Tələbə yataqxanası məsələsinə diqqət edilir. Ümumiyyətlə, dünyadakı tələbələrin 30-40 %-i yataqxanalarda qalırlar. Yataqxana həyatı tələbələrin ayrılmaz bir hissəsidir. Niyə mən buna diqqət yetirirəm? Bəzən deyirlər ki, BDU bu ilin reytinq cədvəlində 2000 universitet sırasına daxil olub. Bu dəqiqə biz çalışırıq ki, dünyanın 500 universiteti içərisinə daxil olaq. Bu barədə də əməli tədbirlər həyata keçiririk. Ancaq burada bizim bir problemimiz var, bu da yataqxanalarla bağlıdır. Bizim yataqxanamız demək olar ki, yoxdur”.
Deputat bildirib ki, prezidentin göstərişinə əsasən, BDU-nun yataqxanalarda məskunlaşan 8 minə qədər qaçqın ailəsi köçürülmə ərəfəsindədir:
“İlk köçürülmə BDU-dan başlayacaq. Bu barədə sərəncam da var, maddi vəsait də ayrılıb. Bəzən mətbuatımız yerli-yersiz yazır ki, BDU dünyanın 2000 ali təhsil müəssisəsinin sırasındadır. Qeyd edərdim ki, Cənubi Qafqazdan yeganə olaraq BDU həmin siyahıya düşüb. Bir universitet olaraq biz qabağa düşmüşük. Yataqxana problemi həll olarsa, daha yaxşı olar. Biz möhtərəm prezidentimizin razılığı ilə BDU-də texnopark yaradırıq. Yəni elmin istehsalatda tətbiqi. Əgər bunları uğurla davam etdirsək, yaxın gələcəkdə nəinki, 500 universitet, hətta dünyanın ən aparıcı 300 universiteti arasına da düşə bilərik. Bilirsiniz, nəyə görə bu 2000 universitet arasına Cənubi Qafqazdan birinci olaraq düşdük? Bizdə elm potensialı güclüdür.
İkinci təhsilin keyfiyyəti bizdə çox yüksəkdir. Ancaq digər parametrlər var ki, bura yataqxana, yeməkxana, idman kompleksləri də aiddir. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və s. Nəticədə deyə bilərəm ki, Azərbaycan elmi, təhsili inkişaf edir”.
Rektor təhsildə bir sıra radikal islahatlar aparıldığını xatırladaraq, prezident tərəfindən böyük proqramlar həyata keçirildiyini də dilə gətirib:
“Bu sahədə ilkin uğurlu nəticələrimiz var. Deyə bilərəm ki, biz yaxın zamanda Avropanın reytinq cədvəlində ən yaxşı 500 universitetinin sırasına düşəcəyik. Mən buna tam əminəm”.
“Yataqxanalardan qaçqın və məcburi köçkünlərin köçürülməsinə növbəti ildən başlana bilərmi?” sualını cavablandıran rektor deyib ki, növbəti ilin ən böyük tarixi hadisələrindən biri də ondan ibarət olacaq ki, yataqxanalar boşaldılacaq və tələbələrə veriləcək:
“Biz arzu edərdik ki, yataqxanalar da müasir standartlara uyğun olsun. Beşmərtəbəli köhnə binaları çalışacayıq ki, yeni tikililərlə əvəz edək. Köhnə binalar yeni 16 mərtəbəli binalarla əvəzlənəcək və universitetin Baş Planında da bu, belə nəzərdə tutulub”.
BDU-nun Boloniya prosesilə ayaqlaşmasında problemlərinin olması barədə deyilənlərə gəlincə, müsahibimiz bildirb ki, milli-mənəvi dəyərləri saxlamaqda qətiyyətlidirlər: “Bir şeyi sizə anladım. Qarşınızda belə bir məsələ qoyulsa ki, 6 ayda ingilis dilini, fransız dilini, yaxud da türk dilini öyrənməlisiniz, təbii ki, üçüncünü tutacaqsınız. Boloniya prosesində məsələ qoyulur ki, universitetdə iki semesterdə ingilis dilini 36 saat tədris etmək kifayətdir. Boloniya prosesinə qoşulan bütün dövlətlərin hamısının orta məktəblərində dərslər ingilis dilindədir. Biz isə milli dildə oxumuşuq. Ona görə biz tələb edirik ki, BDU-da I kursdan sonuncu kursa qədər ingilis dili keçirilsin. Milli-mənəvi dəyərləri saxlamaqla biz qlobal dünyaya, o cümlədən Boloniya sisteminə inteqrasiya etməyə hazırıq. Biz milli-mənəvi dəyərləri və milli maraqları itirə bilmərik. Bizim dünya təhsilinə qovuşmaq üçün proqramımız var. “BDU xəbərləri” nin ingilis dilində çıxması, jurnallarımızın, kitablarımızın bir hissəsinin ingilis dilində çıxması, bütün fakültələrdə ingilis-dilində qrupların yaradılması bizim qarşımızda duran məsələlərdir. Bizdə 16 fakültə var. Bütün fakültələrin hamısında ingilis dili qruplarımız fəaliyyət göstərir. Hərtərəfli böyük planlarımız var. Biz tezliklə dünyanın 500 universiteti arasında yer alacağıq”.
Modern.az