Modern.az

Bakı məktəblərində niyə sıxlıqdır?

Bakı məktəblərində niyə sıxlıqdır?

Ölkə

8 Dekabr 2010, 10:25


Gün-gündən böyüyən Bakının problemləri də böyüyür. Son illər paytaxta çoxlu sayda yeni yaşayış kompleksləri tikilir. Özəl şirkətlər tərəfindən inşa olunan belə komplekslərin bir sıra çatışmazlığı var. Onlar binaları tikib əhaliyə satırlarr, həmin yaşayış komplekslərinin təhsil və səhiyyə obyektləri olmur. Həmin binalarda yaşayan insanlar da məcburən əraziyə ən yaxın təhsil və səhiyyə obyektlərindən istifadə edirlər.
Bəlkə elə bunun nəticəsidir ki, son dövrlər paytaxtda olan bəzi orta məktəblərdə şagird sıxlığı yaranıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Modern.az saytına bildirib ki, paytaxt məktəblərində olan sıxlığın bir sıra səbəbləri var. “Əsas səbəblərdən biri paytaxda yaşayan əhalinin sayının çox olması ilə bağlıdır. Bakıda ümumtəhsil məktəbləri əhalinin sayı nəzərə alınaraq tikilib. Amma bizdən asılı olmayan səbəblərə görə, son illər Bakıda əhalinin sayı artıb və ölkə əhalisinin təxminən 3 milyon nəfəri paytaxtda yaşayır. Bu baxımdan Bakıda tikilən məktəblərin də sayı müəyyən qədər artıb. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində 326 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bütün bunlara baxmayaraq, paytaxtda şagirdlərin sıxlığı ilə bağlı məktəblərdə problemlər hələ də qalmaqdadır”.

Z.Əliqızının sözlərinə görə, idarənin tabeçiliyində olan 326 məktəbdən 50 faizində şagirdlər ikinövbəli dərs sistemiylə təhsil alırlar. Bu o deməkdir ki, məktəblərdə sıxlıq olduğundan ikinövbəli sistem formalaşıb. Hətta Bakıda üç növbdə ilə dərs verən məktəblər də fəaliyyət göstərir. “Bu da məktəbin ətrafında yerləşən əhalinin sayının çox olması ilə bağlıdır”- deyə Zəminə xanım əlavə edib.

Müsahibimiz onu da vurğulayıb ki, son illər məktəblərdə əlavə korpuslar, yeni məktəb binaları inşa olunsa da, şagirdlərin sıxlıq problemi öz həllini tapmayıb. “Biz çox istərdik ki, məktəblərimiz bir növbə ilə işləsinlər. Bir növbə, beş günlük sistemlə işləyən məktəblərin üstünlüyü daha çoxdur. Çünki beş günlük məktəblərdə şagirdlər həftənin şənbə günləri müəyyən dərnəklərə cəlb olunur. Amma iki və ya üçnövbəli tədris prosesi olan məktəblərdə bunu etmək çətindir”.

Zəminə Əliqızı məktəblərdə sıxlığın bir səbəbinin də yeni yaşayış kompleksləri ilə bağlayıb: “Məktəblərdə sıxlığın aradan qaldırılması üçün müəyyən işlər görülür, dövlət proqramları həyata keçirilir. Amma mövcud vəziyyət elə də ürəkaçan deyil.  Əvvəllər yaşayış kompleksləri tikiləndə onların yanında məktəb, baxça, poliklinika da inşa olunur, orada yaşayan əhalinin istifadəsinə verilirdi. Indi isə özəl müəssisələr yalnız binaları tikməklə məşğuldurlar. Tikinti işləri paytaxtda sürətlə getdiyindən həmin əraziləri məktəblə təmin etmək texniki baxımdan mümkün deyil. Elə məktəb şagirdləri var ki, onlar 3-4 km məsafə qət etmək məcburiyyətində qalırlar. Bu ciddi problemdir. Qış aylarında soyuq havalarda o məsafəni dəf etmək var”.

Z.Əliqızı onu da bildirib ki, məktəblərdə sıxlığın aradan qaldırılması ilə bağlı təkliflər də irəli sürüblər. “2004-cü ildə cənab prezidentin sərancamı olmuşdu ki, məktəblər beş günlük qrafikə keçsinlər. Hal-hazırda 50 faiz məktəblərdə beş günlük qrafiklə bir növbəli sistemlə dərs keçilir. Zaman– zaman bu problem də həll olunacaq. Amma bunu bir və ya beş ilin içərisində həyata keçirmək qeyri-mümkündür. Məktəblərdə sıxlıqla bağlı mütəmadi olaraq statistikanı bildiririk: neçə birnövbəli məktəbimiz var, nə qədər məktəbdə şagird sıxlığı mövcuddur… Bütün bunlar barədə Təhsil Nazirliyi xüsusi proqram işləyib və bu proqram hökumətə təqdim olunub”.

Z.Əliqızının sözlərinə görə, məktəblərlə bağlı şagird sıxlığı Bakının bir sıra rayonlarında daha çox müşahidə olunur. “Əsasən Sabunçu, Qaradağ, Əzibəyov rayonlarında şagirdlərin sıxlığı müşahidə olunur. Paytaxtın mərkəzində də bu problem mövcuddur. Amma insanlar ilbəil mərkəzdən ətrafra axışır”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı