Modern.az

II Qarabağ savaşı olacaqmı?

II Qarabağ savaşı olacaqmı?

Ölkə

11 Dekabr 2010, 18:26

ATƏT-ə üzv ölkələrin dekabrın əvvəllərində keçirilən ikigünlük Astana sammitində ciddi yenilik olmasa da, Azərbaycan cəmiyyətində narahatlıq doğura biləcək müzakirələrə rəvac verib. Belə ki, sammitin son bir həftə ərzində müzakirə olunan nəticəsiz yekunları ictimai rəydə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ehtimallar ortaya çıxarıb. Qeyd edək ki, erməni tərəfinin qeyri-konstruktivliyi səbəbindən indiyə qədərki ikitərəfli görüşlərdə və müxtlif ünvanlarda keçirilən sammitlərdə münaqişənin həllində hər hansı irəliləyiş əldə etmək mümkün olmayıb.

Əsas problem də ondan ibarətdir ki, İrəvan bu münaqişənin həllində daha çox başqalarının köhnə tütəkdə çaldığı yeni havalara oynayır, müstəqil qərar qəbul etmək cəsarəti yoxdur. Yəni, siyasi ekspertlərin də iddia etdiyi kimi, rəsmi İrəvan danışıqlarda vaxt udmaq siyasəti yeritdiyindən Azərbaycanın reallığı nəzərə alan təkliflərini də qulaqardına vurur.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların dalana dirənməsi artıq reallıqdır. Ancaq məsələnin başqa bir tərəfi var ki, istər Azərbaycan hakimiyyəti, istərsə də ictimaiyyət erməniləri qane edən bu status-kvonu qəbul etmir. Ona görə də, son günlər bu yöndə rəsmilərimizin də dilindən radikal bəyanatlar, müharibə çağırışları eşidilməkdədir.

Məsələn, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bir neçə gündür ki, jurnalistlərlə təmaslarında ermənilərin işğal olunan ərazilərdə qeyri-qanuni məskunlaşdırmanı davam etdirməsindən, tarixi adları dəyişməyə cəhdlərindən danışır. Onun fikrincə, Ermənistan parlamentinin qəbul etdiyi son biabırçı qərar - yəni separatçı rejimlərlə Ermənistan dövlətinin əlaqələrinin hüquqi qiymətə mindirilməsi cəhdləri BMT və ATƏT-in bu sahədəki səylərinə meydan oxumaqdır. Ardınca da əlavə edir, "Azərbaycan dövləti bu vəziyyətə çox dözməyəcək. Bundan sonra danışıqların nəticəsizliyi müəyyənləşdirilsə, digər addımlara əl atılacaq".

Bəs bu addımlar nədən ibarət ola bilər? Olmaya, II Qarabağ savaşı başlayacaq? Cənab Həsənova görə, Azərbaycan torpaqlarını azad etmək üçün ixtiyarında olan və beynəlxalq hüququn imkan verdiyi bütün addımlardan istifadə etməyə çalışacaq. Yəni, "kiş deməklə donuz darıdan çıxmadığı"ndan müharibə variantı istisna deyil.

Dünən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun da dilindən müharibə çağırışları səslənib. Onun jurnalistlərə "müharibənin olub-olmayacağını yaxın günlərdə görəcəksiniz" deməsi vəziyyətin ciddiliyindən xəbər verir.

Əsgərovun sözlərinə görə, Sərkisyanın və onun hakimiyyətinin ərköyün siyasətinə artıq Azərbaycanın dözməyə nə imkanı, nə də vaxtı var. Yəni bu günə kimi çox böyük hövsələ nümayiş etdirmişik, dünya ictimaiyyəti də görüb ki, sülh, danışıqlar tərəfdarıyıq. "Bundan sonra Azərbaycanın bütün iqtisadiyyatı, xüsusilə də sənaye sahəsi hərbi relslər üzərinə keçirilməlidir"-Z.Əsgərov qeyd edib.

Belə fikirlərin səslənməsi, əlbəttə, onu deməyə əsas verir ki, hazırda Azərbaycan müharibə dilemması qarşısındadır, onun başlaması sual altında olsa da. Bəs müharibə olmasa, nə olsun? Bu suala ən yaxşı təklifi hələ iki il öncə politoloq Vəfa Quluzadə verib. Onun fikrincə, Ermənistan faktiki olaraq müstəqil siyasət yürütmür, özünü Rusiyanın bir quberniyası kimi aparır. Məhz bunu nəzərə alaraq, danışıqlar İrəvanla deyil, Moskva ilə aparılmalıdır. Maraqlı təklifdir...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı