Modern.az

Deputat və dilənçi...

Deputat və dilənçi...

Ölkə

13 Dekabr 2010, 11:19

Millət vəkili Fuad Muradov küçədə ona yaxınlaşan azyaşlı dilənçi qızcığazın problemlərini həll etmək istəyir

Şəhər küçələrində balaca uşaqların dilənməsi insanlarda müəyyən təəssüf hissi yaratsa da, azyaşlıların nədən küçələrə düşüb pul istəməsinin səbəbləri az adamı maraqlandırır. Tanış mənzərəyə isə hər gün metroda, avtobusda, şəhərin mərkəzi küçələrində rast gəlmək mümkündür. Necə deyərlər, boyu bir qarış olan uşaqlar məktəbə getmək əvəzinə, adamlara yaxınlaşır və yaşlarına uyğun olmayan tərzdə səsləndirdikləri ifadələrlə pul istəyirlər.

Belə mənzərənin şahidlərindən biri də Milli Məclisin deputatı Fuad Muradov olub. Sahil bağı yaxınlığındakı svetaforda maşınla daynarkən balaca bir qız uşağının onun avtomobilinə yaxınlaşaraq şüşəni təmizləməyə icazə verməsini xahiş etməsi gənc millət vəkilini təəcübləndirib. Lakin deputatın sualları qarşısında qızın heç nə demədən qaçması F.Muradovun onunla maraqlanmasına səbəb olub.

Deputat seçildiyi Səbail rayonunda müvafiq müşahidlər həyata keçirən F.Muradova bildiriblər ki, həmin azyaşlı qız axşamlar dilənməklə məşğuldur. Bundan sonra millət vəkili qızın ailəsinə kömək etmək niyyəti ilə Səbail rayon Polis İdarəsinə müraciət edərək həmin azyaşlının şəxsiyətinin müəyyənləşdirilməsini istəyib. 

Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan qızcığazın kimliyi araşdırılıb. Məlum olub ki, 9 yaşlı Sərcan Bəxtiyar qızı Buxavadze 2001-ci ildə Qazax rayonunda anadan olub.

Polis İdarəsində Sərcan deyib ki, yetim deyil. Ata-anası, üstəlik qardaş-bacısı da var. Yasamal rayonunda “Sovetski” məhəlləsində kirayə qalan Buxavadze ailəsi Sərcanı pul qazanmaq, ailəyə kömək etmək adı ilə dilənməyə göndərir. 

“Pulu aparıb evin kirayəsinə verirəm” deyən balaca Sərcan bildirib ki, atası işləmir, qardaş və bacısı isə balaca olduğu üçün dilənməyə buraxılmırlar. Anasının tapşırığına əsasən hər gün 10 manat yığıb evə qayıtmalıymış.

Qeyd edək ki, Sərcan Buxavadzenin kimliyinin araşdırılması prosesini Modern.az saytının əməkdaşı da ozləyib. Polis İdarəsinin azyaşlılarla iş üzrə inspektoru Zahir Əbülhəsənovla birgə balaca Sərcanın evinə gələn zaman ürəkağradıcı mənzərənin şahidi olduq. Həyət evində kirayə qalan ailənin yatdığı otağın döşəməsi betondan idi. Uşaqlardan biri elə beton üstəcə yerdə yatırdı. O biri isə köhnə çarpayı üstündə yuxuya getmişdi. Qapıda polisləri qarşılayan və özünü Sərcanın anasının xalası qızı (?) kimi qələmə verən qadın bildirdi ki, ata-anası bir qədər əvvəl Sərcanın polisə aparılmasından xəbər tutub onun arxasınca gediblər.

Bu arada bəlli oldu ki, Sərcan Yasamal rayonu 161 saylı orta məktəbin 2-ci sinifində təhsil alır. Bizi təəcübə salan isə Sərcanın gündəliyindəki “5” oldu. Belə aydın oldu ki, qızın yaxşı dəst-xətti var və orta məktəbdə pis oxumur.

Bir azdan evə qayıdan valideynlər qaraçı dilində Sərcandan nə baş verdiyini həyəcanla soruşmağa başladılar. Polis İdarəsinin azyaşlılarla iş üzrə inspektoru Zahir Əbülhəsənov isə bildridi ki, deputat Fuad Muradov qızın dilənməsini görüb və ailəsinə kömək etmək tapşırığı verib. 

Sərcanın atası Bəxtiyar Buxavadze bildirdi ki, 27 yaşı var və üç övlad atasıdır. Sərcandan sonra 7 və 4 yaşında daha iki övladı var.  Onunla söhbətdə Bəxtiyar and-aman etdi ki, səhhəti üzündən işləmək imkanını itirib. Ötən il naməlum avtomobil tərəfindən vurulan Bəxtiyar uzun zaman müalicə olunub. Maşın onu vurandan sonra aradan çıxıb. İndi tam müalicəsi üçün 5 min manat lazımdır. Səhhəti üzündən işləyə də bilmir. Heç bir köməyi olmadığından uşağı dilənməyə göndərməyə məcburdur.

Polis işçisi Z.Əbülhəsənov öz növbəsində bildirdi ki, əgər valideynlik vəzifələrini  yerinə yetirə bilmirlərsə, o zaman uşaq onlardan alınıb dövlət himayəsinə verilə bilər.

Deyəsən polisin bu sözləri Buxavadzelərin xöşuna gəlmədi. Sərcanın anası Sima dedi ki, əgər dövlətin belə kömək etmək imkanı varsa, həyat yoldaşının müalicəsinə kömək etsin.
“Uşaq atasına görə məcburdu dilənsin. Mən uşağı səhər tezdən məktəbə göndərirəm. Məktəbdən gələn kimi əynini dəyişdirib göndərirəm pul gətirməyə”-deyən Sima vurğuladı ki, onlar qaraçı adətlərinə riayət etməyə meyilli deyillər.  “Mən imkansızlıqdan uşağımı dilənməyə göndərirəm” deyən Simanın sözlərinə Bəxtiyar asta səslə əlavə etdi: “Əgər mən sağalsam, öz uşağımı göndərmərəm dilənməyə”.

Polis leytenantı Zahir Əbilhəsənov onların idarəyə gəlmələrini tapşıraraq bildirdi ki, orda dövlət səviyəsində nə köməklik  lazım olarsa, göstəriləcək.

Səbail rayon Polis İdarəsinə gələn valideynlərə bildirildi ki, onların məsələsi ilə Yasamal rayonu üzrə aidiyyatı qurum məşğul olacaq. Bu barədə tapşırıq verilib. Yaxın vaxtlarda bununla bağlı məlumat veriləcək.

Mail Ağaxanov    

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı