Fazil Mustafa: “Hakimiyyətdəki bəziləri din təhlükəsi adı altında lazım olduqlarını göstərməyə çalışırlar”
Jurnalist Azər Rəşidoğlu: “Görünür kimlərəsə Azərbaycanın da Türkiyə kimi belə məsələlərə başının qarışması sərf edir”
Son zamanlar siyasi gündəmi zəbt etmiş hicab mübahisələri ictimai rəydə bimənalı qarşılanmır. Məktəblərə baş örtüyü olmadan gəlməyi tələb edən təhsil naziri Misir Mərdanovun bu mesajı siyasi gündəmi yerindən oynadıb. Bu fikri dəstəkləyənlərlə əleyhinə olanlar öz arqumentləri ilə mediada çıxış edir və haqlı olduqlarını sübüt etməyə çalışırlar. Bəs Həcc ziyarətində olan, hacı titulu daşıyan tanınmışların məsələyə münasibəti necədir?
Modern.az Həcc ziyarətində olmuş, dini qaydaları həyat tərzində tətbiq edən bir sıra tanınmış şəxslərə müraciət edərək məsələ ilə bağlı onların mövqeyini öyrənib.
Milli Məclisin üzvü olan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın sözlərinə görə, hicab məsələsinin həlli mümkündür. “Hakimiyyətdəki bəziləri din təhlükəsi adı altında lazım olduqlarını göstərməyə çalışırlar. Hicabla bağlı məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. Bu məsələnin hüquq müstəvisində həll etmək üçün bütün imkanlar var. Lakin bu müstəvidə məsələni çözmək istəyənlər yoxdur”-deyə millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, bu məsələnin kökündə dövlət üçün təhlükə yaradacaq heç bir məsələ yoxdur: “Əgər bunun kənardan gətirilməsi ilə bağlı şübhələr varsa və siyasi problem yaratmaq təhlükəsi ilə əlaqələndirilərsə, o zaman bu problemin təhlükəsiz həll formulunu tapmaq olar. Məsələn məktəblər üçün vahid hicab formasını müəyyən etmək olar”.
“Orta məktəblərdə hicabın qadağan edilməsi düzgün deyil. Hicaba icazə verilməlidir. 14 yaşdan yuxarı uşaqlar öz həyat tərzlərini özləri müəyyən edirlər”-deyə millət vəkili bildirib.
Hacı titulu daşıyan digər tanınmış şəxs jurnalist, “Zerkalo” qəzetinin siyasi şərhçisi Azər Rəşidoğlunun sözlərinə görə, hər il Ramazan və Məhərrəm ayında belə yalançı problemlərin ortaya atılması müəyyən məqsədlərə xidmət edir.
“Bu məsələ tamamilə uydurma məsələdir və dinə aidiyyatı yoxdur”.
Jurnalist hesab edir ki, məsələyə insan haqları çərçivəsindən baxmaq lazımdır. “Hicab şəxsi işdir. Görünür kimlərəsə Azərbaycanın da Türkiyə kimi belə məsələlərə başının qarışması sərf edir. Erməni saytlarına baxdıqda bu aydın görünür. Qarabağla bağlı xəbərlər hicabla bağlı xəbərlərdən sonra gəlir” deyən A.Rəşidoğlunun sözlərinə görə, insan hüquq və azadlıqları Konstitusiyada əksini tapıb: “İndi bu süni problemi ortaya atmaqla dövlətin imicinə zərbə vurmağa çalışırlar”.
Modern.az