İnsanlar hər zaman gözəl görünməyə can atıblar. Artıq muasir dövrdə bunun üçün müxtəlif vasitələr var. Plastik əməlyyatlar bu vasitələrin ən geniş yayılmış formasıdır. Müəyyən yaş dövründən sonra nə qədər gözəl görünüşə malik olsan belə, yaş öz sözünü deyir. Deyirlər hər yaşın öz gözəlliyi var, amma bununla belə, insanlar özlərində zamanın yaratdığı fəsadları aradan qaldırmaq istəyirlər, elə bu məqsədlə də cərrahlara üz tuturlar.
Tanınmış cərrah V.Qələndərliyə də estetik əməliyyatlar üçün müraciət edənlər çoxdur. Cərrah Modern.az-a deyib ki, insanlar ona ən çox göz qapağının sallanması və gözətrafı dərilərin sallanması, üzdə olan qırışlar, qaşların aşağı enməsi, eləcə də burun əməliyyatları ilə bağlı müraciət edirlər. V.Qələndərli eyni zaman da bildirib insanın xarici görünüşündə olan qüsurlar psixoloji kompleks yaradır və bunun özü də bir xəstəlikdir.
Psixoloq Elmir Əkbər isə hesab edir ki, psixoterapevt konsultasiyası olmadan əməliyyat aparılması düzgün deyil. Çünki bir çox hallarda insanlar əsassız olaraq cərrahlara üz tutur. E.Əkbər bildirib ki, hətta ideal görünüşə sahib olan insanlar belə, hər hansı üz cizgilərini dəyişməyə çalışırlar, bunun da başında psixoloji problemlər dayanır.
Cərrah V.Qələndərli deyir ki, plastik əməliyyatlar etdirmək istəyənlərlə yanaşı, rekonstruktiv əməliyyatlar üçün müraciət edənlər də çoxdur.
”Plastik əməlyatlar cəmi 30 % təşkil edir. Damarların, sinirlərin kəsilib bərpa edilmsi, anadangəlmə dovşandodaqlılıq, qurdağızlılıq və bu kimi problemləri olan insanlar daha çoxdur”. V.Qələndərli eyni zamanda deyib ki, nədənsə estetik əməlyatlar insanların diqqətini daha çox çəkir.
Son zamanlar isə xanımlarla yanaşı, kişilər də estetik əməliyyatlar üçün cərraha müraciət edirlər. Kişilərin plastik əməlyat etdirmənin normal hal olduğunu bildirən psixoloq E.Əkbər bunun kişiyə xas olan tərzdə həyata keçirilməsinin tərəfdarıdır.
Sədaqət Süleymanova