Səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, ölkədə tədarük olunan qan Mərkəzi Qan Bankı və qanköçürmə şöbələrinin laboratoriyalarında İİV infeksiyasına, sifilisə, B və J virus hepatitlərinə görə yoxlanılır.
Nazirin sözlərinə görə, şübhəli bilinən və ya müsbət nəticə alınmış nümunələr təsdiqlənməsi üçün İİV infeksiyası üzrə Respublika QİÇS-lə Mübarizə Mərkəzinə, hepatitlər üzrə Gigiyena və Epidemiologiya Mərkəzinə, sifilis üzrə Bakı şəhərindən daxil olan nümunələr Bakı şəhər Dəri Zöhrəvi Dispanserinə, digər şəhər və rayonlardan daxil olunan nümunələr isə Respublika Dəri Zöhrəvi Dispanserinə göndərilir. Modern.az-ın məlumatına görə, bu sözləri O.Şirəliyev nazirlikdə keçirilən kollegiya iclasında söyləyib.
Səhiyyə naziri deyib ki, Bakı şəhəri Dəri Zöhrəvi Dispanserinin məlumatına görə, paytaxt üzrə 280 sifilis xəstəsi qeydiyyatdadır.
”Son 7-8 ay ərzində qan komponentlərinin yoxlanması nəticəsində 500 nəfərdən artıq sifilis xəstəsi müəyyən edilib. Bu qədər fərq necə ola bilər? Bu elə xəstəlikdir ki, ona çox ciddi yanaşmaq lazımdır. Bu sahədə Respublika Dəri Zöhrəvi Dispanseri də məsuliyyət daşıyır. Bu müssisənin nümayəndələri rayonlara getməli, onlar vəziyyətlə yerlərdə tanış olmalıdırlar”.
Modern.az