Modern.az

Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu Fransanın qərarını alqışladı

Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu Fransanın qərarını alqışladı

Parlament

Bu gün, 15:52

Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu Fransa Milli Assambleyasında Korsikaya geniş muxtariyyət statusunun verilməsini nəzərdə tutan konstitusiya qanun layihəsinin qəbulunu tarixi siyasi hadisə kimi qiymətləndirib.

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, qanun layihəsi adanın tarixi, mədəni, sosial və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla Korsikaya ən geniş özünüidarəetmə səlahiyyətlərinin verilməsini nəzərdə tutur. Sənəd Korsika xalqının uzun illər ərzində apardığı dinc, demokratik və ardıcıl mübarizənin mühüm siyasi nəticəsi kimi dəyərləndirilib.

Qrup Korsika xalqının nümayiş etdirdiyi əzm, qətiyyət və demokratik prinsiplərə sadiqliyini yüksək qiymətləndirdiyini bildirərək, bu uğuru səmimi qəlbdən alqışladığını vurğulayıb.

Bəyanatda qeyd edilib ki, Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək istiqamətində göstərdiyi iradə xalqların legitim tələblərinin gec-tez siyasi müstəvidə öz əksini tapdığını bir daha nümayiş etdirir. Sənəddə Fransa Milli Assambleyasının qərarının təkcə qanunvericilik aktı deyil, həm də Korsika xalqının uzunmüddətli mübarizəsinin mühüm siyasi nailiyyəti olduğu bildirilib.

Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu Fransa Senatını da tarixi məsuliyyət nümayiş etdirərək qanun layihəsini dəstəkləməyə çağırıb. Bildirilib ki, bu addım Korsika xalqının demokratik iradəsinə hörmətin ifadəsi olacaq.

Bəyanatda həmçinin vurğulanıb ki, Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu bundan sonra da Korsika xalqının qanuni hüquqlarının, demokratik iradəsinin və dinc siyasi mübarizəsinin beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətləndirilməsini dəstəkləyəcək, xalqın öz tarixi, milli və mədəni kimliyini qorumaqla ən geniş muxtariyyət statusuna sahib olmasına dəstəyini davam etdirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada