Modern.az

10 qardaş eyni hərbi hissədə xidmət edir

10 qardaş eyni hərbi hissədə xidmət edir

Dünya

Bu gün, 18:23

Almatıda Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Milli Qvardiyasına məxsus eyni hərbi hissədə eyni vaxtda beş cüt əkiz qardaş xidmət edir.

Modern.az xəbər verir ki, Milli Qvardiyanın açıqlamasında sıra düzülüşləri zamanı onların bir-birindən çətin seçildikləri qeyd olunub:

“Onları hərbi sırada bir-birindən ayırmaq həqiqətən çətindir. Hazırda Almatıda yerləşən DİN-in Milli Qvardiyasının 5571 saylı hərbi hissəsində eyni vaxtda beş cüt əkiz qardaş xidmət edir. Xarici görünüşcə bir-birlərinə bənzəsələr də, onların hər biri özünəməxsus xüsusiyyətləri ilə seçilir. Ölkənin müxtəlif bölgələrindən gələn 10 gənc hərbçi eyni bölmədə xidmət edir. Hər birinin öz hekayəsi, maraqları və gələcək planları var. Onları birləşdirən əsas məqam isə hərbi xidməti öz doğma qardaşları ilə birlikdə keçmələridir”.

Aman və Yesen Baydullayev qardaşları hərbi xidmətə Aktöbe şəhərindən gəliblər.

Onların hər ikisinin 19 yaşı var. Aralarındakı yaş fərqi cəmi doqquz dəqiqədir. Xidmət müddətində əkiz qardaşlar artıq özlərini fərqləndirməyi bacarıblar. Döyüş növbətçiliyinə çıxışların birində narkotik maddə daşıyan şəxsin saxlanılmasında iştirak ediblər.

Digər cütlük isə Qızılordadan olan Nurtore və Jantore Nurılda qardaşlarıdır.

Qardaşların 20 yaşı var və onlar ailənin sonbeşik övladlarıdır. Əkizlər təhsil almaq üçün fərqli ixtisaslar seçsələr də, bu gün eyni hərbi kollektivdə xidmət edirlər. Nurtore “Bədən tərbiyəsi müəllimi”, Jantore isə “Feldşer” ixtisasına yiyələnib.

Maraqlıdır ki, beş cütlük arasında daha bir Aman və Yesen adlı əkiz qardaşlar da var.

Saparlı qardaşları Türküstan vilayətindən hərbi xidmətə çağırılıblar. Xalq musiqisi onların həyatında xüsusi yer tutur. Atalarından miras qalan bu sənət sevgisi sayəsində ənənəvi mahnılar və termelər ifa edirlər. Yeri gəlmişkən, hərbçilərin atasının da əkiz qardaşı var. Qardaşlar 18 yaşına çatdıqdan cəmi bir gün sonra hərbi vəzifələrini yerinə yetirmək üçün yola düşüblər.

Nurasil və Erasil İaşov qardaşları Taraz şəhərindəndir. Onlar məktəbi bitirdikdən dərhal sonra ordu sıralarına qoşulublar.

Hazırda hər ikisinin 19 yaşı var. Hərbi xidmət müddətində qardaşlar polis əməkdaşları ilə birlikdə hüquqpozuntularının profilaktikası tədbirlərində iştirak edir, ictimai asayişin qorunmasına kömək edirlər. Bundan əlavə, hərbi xidmət keçən əsgərlərə pulsuz təhsil almaq imkanı yaradan “Əsgər 2.0” təhsil proqramında iştirak etmək üçün artıq sənədlərini təqdim ediblər.

Beşinci cütlük isə Kentau şəhərindən olan Almas və Olcas Abdualiyev qardaşlarıdır.

Onların da 19 yaşı var. Hərbi xidmətə çağırılana qədər qardaşlar Şımkentdəki “Miras” Universitetində “İlkin hərbi və texnoloji hazırlıq müəllimi” ixtisası üzrə təhsil alıblar. Təhsillərini başa vurduqdan sonra pedaqoji fəaliyyətə qayıtmağı və məktəblilərə hərbi işlə bağlı bilikləri öyrətməyi planlaşdırırlar. Qeyd edək ki, Abdualiyevlər ailəsində daha bir cüt əkiz var.

Milli Qvardiyadan bildirilib ki, eyni hərbi hissədə xidmət etmək bu 10 əsgər üçün həyatlarının mühüm mərhələsini ən yaxın insanları ilə birlikdə keçirmək imkanı yaradıb. Xarici görünüşlərinə və qohumluq əlaqələrinə baxmayaraq, onların hər biri hüquq qaydasının və ictimai təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir, fərdi hərbi təcrübə qazanır və gələcək planlarını qurur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır