Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə süni intellekt vasitəsilə yaradılmış musiqinin İtaliyada Azərbaycan simfonik musiqisi kimi təqdim olunmasına etiraz edib.
Modern.az xəbər verir ki, o bunu Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.
“Süni intellekt vasitəsilə yaradılan əsərləri təqdim edirlər. Başa düşürsünüz, bu nə deməkdir? Gənc dirijorumuz musiqi baxımından dünyanın ən zəngin ölkələrindən biri olan İtaliyaya gedir və orada süni intellekt proqramları vasitəsilə yaradılmış musiqini Azərbaycan simfonik musiqisi kimi təqdim edir. Bunun adı nədir?” – deyə Firəngiz Əlizadə bildirib.
İttifaq sədri müasir Azərbaycan bəstəkarlarının əsərlərinə kifayət qədər yer verilməməsindən də narazılığını ifadə edib. Onun sözlərinə görə, beynəlxalq müsabiqələrdə uğur qazanan əsərlər belə sonradan ifa olunmur, bəstəkarlar yaradıcılıqlarını dinləyicilərə çatdırmaqda çətinlik çəkirlər.
Firəngiz Əlizadə bəstəkarlıq təhsilinə marağın azalmasına da diqqət çəkib. O bildirib ki, bəstəkarlıq fakültələri tədricən bağlanır və ya digər fakültələrlə birləşdirilir:
“Akademiyanın Bəstəkarlıq fakültəsinin rəhbəri bu günlərdə mənə zəng edərək bildirdi ki, artıq neçə ildir, demək olar ki, heç bir ərizə qəbul etmirlər. Heç kim bəstəkarlığa daxil olmaq istəmir. Çünki bəstəkara qiymət verən, onun əsərlərini alan yoxdur”.
Xalq artisti gənc bəstəkarların işsizlik və maddi çətinliklərlə üzləşdiklərini vurğulayıb.
“Gənc bəstəkarlar yanıma gəlib ağlayırlar. Deyirlər ki, dolana bilmirik, bizə iş verilmir. Musiqişünaslar üçün iş tapılır, onların yazıları sifariş olunur, amma bəstəkarlara ehtiyac duyan yoxdur. Artıq diplomlarda belə “bəstəkar” sözünü yazmırlar”, – deyə o qeyd edib.
Firəngiz Əlizadə Vətən müharibəsindəki Qələbəni və qəhrəmanların obrazlarını əks etdirən yeni musiqi əsərlərinin sifariş olunmasını gözlədiyini də bildirib. Onun sözlərinə görə, bu istiqamətdə gözləntiləri doğrulmayıb.