Modern.az

Gömrükdə idxal olunan mallarla bağlı yeni tələb tətbiq ediləcək

Gömrükdə idxal olunan mallarla bağlı yeni tələb tətbiq ediləcək

Parlament

Bu gün, 18:04

Azərbaycana idxal olunan qeyri-qida istehlak malları üçün gömrük nəzarətində yeni sənəd tələbi tətbiq ediləcək. Dəyişikliyə əsasən, texniki reqlamentlərin şamil olunduğu mallar ölkəyə gətirilərkən onların təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənədlər gömrük orqanlarına təqdim olunmalıdır.

Modern.az xəbər verir ki,məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. 

Layihəyə əsasən, texniki reqlamentlər və istinad edilmiş standartlar tətbiq olunan idxal malları gömrükdən keçirilərkən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədləri təqdim edilməlidir. Gömrük orqanları bu sənədləri yoxlamaq səlahiyyətinə malik olacaq.

Dəyişiklik gömrük nəzarətinin formalarına da şamil edilir. Belə ki, gömrük nəzarəti zamanı idxal olunan malların qeyd olunan uyğunluq sənədləri ilə müşayiət olunub-olunmadığı da yoxlanılacaq.

Qanun layihəsinə əlavə edilmiş arayışda bildirilir ki, məqsəd texniki reqlamentlərin tələblərinə cavab verməyən və insanların həyatı, sağlamlığı, ətraf mühit və əmlak üçün risk yarada biləcək təhlükəli qeyri-qida mallarının ölkəyə idxalının qarşısını almaqdır. Bununla yanaşı, yeni mexanizm yerli və xarici məhsullar üçün eyni qaydaların tətbiqini təmin etməklə rəqabət mühitinin qorunmasına və yerli istehsalın dəstəklənməsinə xidmət edəcək.

Layihədə həmçinin sahibkarların yeni tələblərə uyğunlaşması üçün 24 aylıq keçid dövrü nəzərdə tutulur. Qanunun texniki reqlamentlər və istinad edilmiş standartlar tam qüvvəyə mindikdən iki il sonra idxal olunan mallara şamil edilməsi təklif edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada