Modern.az

Milli Məclisdə komitələrin "iş yarışı" - Hansı komitə lider oldu, hansı geridə qaldı...

Milli Məclisdə komitələrin "iş yarışı" - Hansı komitə lider oldu, hansı geridə qaldı...

Parlament

Bu gün, 10:00

Milli Məclisin komitələri 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində fərqli intensivlikdə fəaliyyət göstəriblər. Bəzi komitələr həftədə bir neçə dəfə toplanaraq onlarla qanun layihəsini müzakirə etdiyi halda, bəzi komitələr ümumiyyətlə Milli Məclisdə iclas keçirməyib.

Modern.az komitələrin iclas sayı, müzakirə olunan məsələlərin həcmi, ilk dəfə baxılan qanun layihələri və iş formatı əsasında onların fəaliyyətini təhlil edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi

Komitə yaz və növbədənkənar sessiyalar ərzində ümumilikdə 24 iclas keçirib. İclas dövründə ümumilikdə 103 məsələ müzakirə edilib ki, onların da 23-ü ilk dəfə müzakirəyə çıxarılan məsələlərdir.

Azər Əmiraslanovun sədrlik etdiyi komitədə Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat, "Dövlət icra məmurları haqqında", "İcra haqqında" və "Daşınar əmlakın yüklülüyü haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi, Torpaq Məcəlləsi və torpaq münasibətlərini tənzimləyən bir sıra qanunlara dəyişikliklər, eləcə də "Aviasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də daxil olmaqla 4 məsələ komitənin gündəliyinə çıxarılıb.

Komitənin gündəliyində əsasən vergi və gömrük qanunvericiliyi, dövlət büdcəsi, investisiya fəaliyyəti, maliyyə sektoru, dövlət satınalmaları, maliyyə icarəsi, kraudfandinq, sahibkarlığın inkişafı, torpaq münasibətləri, nəqliyyat, dövlət rüsumları, sığorta, qiymətli kağızlar bazarı, rəqəmsal ödənişlər və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən qanun layihələri müzakirə edilib. Bununla yanaşı, Hesablama Palatasının illik hesabatı və iqtisadi siyasət sahəsinə aid digər mühüm qanunvericilik təşəbbüsləri də komitənin gündəliyində yer alıb.


Hüquq siyasəti və dövlət quruculuğu komitəsi

Komitə yaz və növbədənkənar sessiyada ümumilikdə 22 iclas keçirib.

Əli Hüseynlinin sədrlik etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ən çox iclasını iyun ayında keçirib. Belə ki, komitə üzvləri bu ay 7 dəfə toplaşıblar. Ən az iclas isə mart ayında baş tutub, həmin ay komitənin cəmi 1 iclası keçirilib. Komitə fevralda 4, apreldə 3, mayda 2, iyulda isə 3 dəfə iclas keçirib.

Komitənin iclaslarında ilk dəfə müzakirəyə çıxarılan ümumilikdə 31 qanun layihəsinə baxılıb. Bundan əlavə, beynəlxalq konvensiya, saziş və protokolların təsdiqi, eləcə də bir oxunuşla baxılan digər qanun layihələri də daxil olmaqla 11 məsələ komitənin gündəliyinə çıxarılıb. Ümumilikdə yaz və növbədənkənar sessiyada 94 qanun layihəsi komitə tərəfindən müzakirə edilib.

Komitənin 7 iclası digər komitələrlə birlikdə, 16 iclası isə onlayn formada keçirilib.

Komitənin gündəliyində əsasən hüquq sisteminin müxtəlif sahələrini əhatə edən qanun layihələri yer alıb. İclaslarda Cinayət, Cinayət-Prosessual, Mülki, İnzibati Xətalar, Vergi, Torpaq, Miqrasiya, Mənzil və digər məcəllələrə dəyişikliklər, eləcə də dövlət qulluğu, media, diplomatik xidmət, yol hərəkəti, terrorçuluğa qarşı mübarizə, qiymətləndirmə fəaliyyəti, ödəniş sistemləri, nağdsız hesablaşmalar və digər istiqamətlər üzrə qanun layihələri müzakirə edilib. Bununla yanaşı, beynəlxalq konvensiyaların, saziş və protokolların təsdiqi, eləcə də İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı da komitənin gündəliyinə daxil edilib.

Əmək və sosial siyasət komitəsi

Komitə yaz və növbədənkənar sessiyalar ərzində ümumilikdə 21 iclas keçirib. İclasların 18-i onlayn, 3-ü isə Milli Məclisin Qarabağ zalında ənənəvi formada keçirilib.

Musa Quliyevin sədrlik etdiyi Əmək və sosial siyasət komitəsi ən çox iclasını iyun ayında keçirib. Belə ki, komitə üzvləri bu ay 5 dəfə toplaşıblar. Komitə may ayında ümumiyyətlə iclas keçirməyib. Əmək və sosial siyasət komitəsi fevralda 4, martda 2, aprel və iyulda isə 4 dəfə iclas keçirib.

Komitənin iclaslarında ilk dəfə müzakirəyə çıxarılan 15  qanun layihəsi müzakirə edilib. Ümumilikdə isə komitədə iki sessiya boyu 39 məsələ müzakirə olunub.

Bundan əlavə, Əmək Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və bir sıra qanunlarda dəyişikliklər, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər, "Xüsusi icra məmurları haqqında" Qanunun icrası ilə əlaqədar dəyişikliklər və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiqi ilə bağlı qanunvericiliyin uyğunlaşdırılması da daxil olmaqla 4 məsələ bir oxunuşla komitənin gündəliyinə çıxarılıb.

İnsan hüquqları komitəsi

Komitə yaz və növbədənkənar sessiyalar ərzində ümumilikdə 18 iclas keçirib. Keçirilən iclasıarın 12-si onlayn, 4-ü isə digər komitələrlə birlikdə keçirilib.

Zahid Orucun sədrlik etdiyi İnsan hüquqları komitəsi ən çox iclasını iyun ayında keçirib. Belə ki, komitə üzvləri bu ay 4 dəfə toplaşıblar. Ən az iclas isə mart ayında baş tutub. Həmin ay komitənin cəmi 1 iclası keçirilib. Komitə fevral və apreldə 3, mayda 2, iyulda isə 3 dəfə iclas keçirib.

Komitənin iclaslarında ilk dəfə müzakirəyə çıxarılan 11 qanun layihəsi müzakirə edilib. Ümumilikdə isə iki sessiya boyu komitədə 38 məsələ müzakirə olunub.

Bundan əlavə, Ombudsmanın 2025-ci il üzrə məruzəsi, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı, "Yol hərəkəti haqqında" Qanuna dəyişiklik, eləcə də Azərbaycan və Belarus hökumətləri arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında sazişin təsdiqinə dair qanun layihəsi də daxil olmaqla 4 məsələ komitənin gündəliyinə çıxarılıb.

Komitənin gündəliyində əsasən insan hüquqlarının müdafiəsi, uşaq hüquqları, media və informasiya qanunvericiliyi, cinayət və inzibati qanunvericiliyə dəyişikliklər, dövlət qulluğu, vətəndaşların müraciətləri, məcburi köçkünlərin sosial müdafiəsi və uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun layihələri müzakirə edilib.

Aqrar siyasət komitəsi

Komitə yaz və növbədənkənar sessiyalar ərzində ümumilikdə 12 iclas keçirib.

Tahir Rzayevin sədrlik etdiyi Aqrar siyasət komitəsi ən çox iclasını iyun ayında keçirib. Belə ki, komitə üzvləri bu ay 4 dəfə toplaşıblar. Ən az iclas isə fevral, mart və aprel aylarında baş tutub. Həmin ayların hər birində komitənin 1 iclası keçirilib. Komitə may və iyul aylarında isə hərəsində 2 dəfə iclas keçirib.

Komitədə sessiyalar ərzində iki ("Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmə və "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrə həsr olunmuş) ictimai dinləmə də keçirilir.

Komitənin iclaslarında ümumilikdə 9 birinci oxunuş qanun layihəsi müzakirə olunub. Ümumilikdə isə Aqrar siyasət komitəsində sessiyalar boyu 33 məsələ müzakirə olunub.

Bundan əlavə, "Torpaq Məcəlləsində, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, də daxil olmaqla 4 məsələ komitənin gündəliyinə çıxarılıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi

Komitə yaz və növbədənkənar sessiyalar ərzində ümumilikdə keçirilən 15 iclasında 25 məsələ müzakirə olunub. İclasların hər biri onlayn formada keçirilib.

Səməd Seyidovun sədrlik etdiyi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ən çox iclasını iyun ayında keçirib. Belə ki, komitə üzvləri bu ay 4 dəfə toplaşıblar. Komitə fevral və aprel aylarında hərəsində 3, may ayında 2, mart və iyul aylarında isə hərəsində 1 iclas keçirib.

Komitənin iclaslarında ilk dəfə müzakirəyə çıxarılan 1 qanun layihəsi olub.

Bundan əlavə, beynəlxalq konvensiyaların, sazişlərin və protokolların təsdiqi, Azərbaycanın xarici ölkələrdə diplomatik nümayəndəliklərinin yaradılması, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları ilə bağlı qərara dəyişiklik və digər məsələlər də daxil olmaqla 18 məsələ bir oxunuşla komitənin gündəliyinə çıxarılıb.

Komitənin gündəliyinin əsas hissəsini beynəlxalq müqavilələrin ratifikasiyası təşkil edib. Burada BMT, Avropa Şurası, MDB və digər beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş konvensiyalar, müxtəlif dövlətlərlə bağlanmış ikitərəfli sazişlər, hüquqi yardım, müdafiə, diplomatik münasibətlər, viza rejimi, enerji, nəqliyyat, ekologiya və digər sahələr üzrə beynəlxalq sənədlər müzakirə olunub. Bununla yanaşı, "Diplomatik xidmət haqqında" Qanuna dəyişiklik, parlamentlərarası əlaqələr üzrə işçi qrupları ilə bağlı qərar və Portuqaliyada Azərbaycanın səfirliyinin təsis edilməsi barədə qanun layihələri də komitənin gündəliyində yer alıb.

Elm və təhsil komitəsi

Komitə yaz və növbədənkənar sessiyalar ərzində keçirilən 12 iclasda ümimilikdə 16 məsələ müzakirə edilib. İclaslardan sadəcə 1-i, iyunun 16-sında keçirilən və  “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi Milli Məclisdə ənənəvi formada keçirilib.

Anar İsgəndərovun sədrlik etdiyi Elm və təhsil komitəsi ən çox iclasını aprel ayında keçirib. Belə ki, komitə üzvləri bu ay 3 dəfə toplaşıblar. Komitə fevral, mart, may və iyun aylarında hərəsində 2 iclas keçirib. İyul ayında isə komitənin iclası baş tutmayıb.

Komitənin iclaslarında ilk dəfə müzakirə olunun 4 qanun layihəsi olub.  Bir oxunuşla baxılan məsələ olmayıb.

Komitənin gündəliyində əsasən təhsil qanunvericiliyi, ümumi təhsil, elm və innovasiya, patent sistemi, minatəmizləmə fəaliyyəti, vergi güzəştləri, əmək münasibətləri, eləcə də elm, təhsil və sahibkarlıq sahələrini əhatə edən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı qanun layihələri müzakirə edilib. Bununla yanaşı, "Elm haqqında" Qanun da daxil olmaqla bir sıra qanunlarda dəyişiklikləri nəzərdə tutan geniş qanunvericilik paketi də komitənin gündəliyində mühüm yer tutub.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi

Komitə yaz sessiyası ərzində ümumilikdə 11 iclas keçirib.

Arzu Nağıyevin sədrlik etdiyi Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ən çox iclasını aprel ayında keçirib. Belə ki, komitə üzvləri bu ay 4 dəfə toplaşıblar. Ən az iclas isə mart ayında baş tutub. Həmin ay komitənin cəmi 1 iclası keçirilib. Komitə fevral və may aylarında isə hərəsində 2 dəfə iclas keçirib.

Sessiyalar boyu komitənin bütün iclasları onlayn formada keçirilib. Ümumilikdə isə 17 məsələ müzakirə edilib.

Komitənin iclaslarında ilk dəfə müzakirəyə çıxarılan ümumilikdə 4 qanun layihəsi müzakirə olunub. Bundan əlavə, BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının və Azərbaycan ilə Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin təsdiqinə dair qanun layihələri də daxil olmaqla 2 məsələ bir oxunuşla komitənin gündəliyinə çıxarılıb.

Komitənin gündəliyində əsasən müdafiə və hərbi xidmət, terrorçuluğa qarşı mübarizə, kibertəhlükəsizlik, minatəmizləmə fəaliyyəti, Silahlı Qüvvələrin fəaliyyəti və hərbi qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı qanun layihələri yer alıb. Bununla yanaşı, beynəlxalq müdafiə əməkdaşlığına dair sənədlərin ratifikasiyası da komitənin müzakirə etdiyi əsas məsələlər sırasında olub.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi

Komitə yaz və növbədənkənar sessiyalar ərzində ümumilikdə 8 iclas keçirib. Keçirilən iclasların 4-ü onlayn, 4-ü isə ənənəvi formatda baş tutub.

Sadiq Qurbanovun sədrlik etdiyi komitə ən çox iclasını iyul ayında keçirib. Belə ki, komitə üzvləri bu ay 3 dəfə toplaşıblar. Fevral ayında 2, aprel və may aylarında isə hər birində 1 iclas keçirilib.

Komitənin iclaslarında ilk dəfə müzakirəyə çıxarılan 4 qanun layihəsi və bir beynəlxalq sazişin təsdiqi haqqında qanun layihəsi müzakirə olunub. Ümumilikdə isə iki sessiya ərzində komitədə 14 məsələ müzakirəyə çıxarılıb.

Komitənin gündəliyində əsasən yerin təkinin istifadəsi, yaşıllıqların mühafizəsi, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi, qaz təchizatı, balıqçılıq, sahibkarlıq sahəsində yoxlamalar, ətraf mühitə təsirin qiymətləndirilməsi, eləcə də Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişinin təsdiqi ilə bağlı qanun layihələri müzakirə olunub.

Ailə, qadın və uşaq məsələləri komitəsi

Komitə yaz və növbədənkənar sessiyalar ərzində ümumilikdə 11 iclas keçirib.İclaslarda ümumilikdə 15 məsələ müzakirə edilib. Keçirilən iclasların isə sadəcə ikisi Milli Məclisdə ənənəvi formada baş tutub.

Hicran Hüseynovanın sədrlik etdiyi Ailə, qadın və uşaq məsələləri komitəsi ən çox iclasını aprel və iyun aylarında keçirib. Belə ki, komitə üzvləri hər iki ayda 3 dəfə toplaşıblar. Komitə fevral ayında 2, may ayında isə 1 iclas keçirib. Mart və iyul aylarında komitənin iclası baş tutmayıb.

Komitənin iclaslarında ilk dəfə müzakirə olunun 2 qanun layihəsi olub. Bundan əlavə, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatı da daxil olmaqla 3 məsələ bir oxunuşla komitənin gündəliyinə çıxarılıb.

Mədəniyyət komitəsi

Komitə yaz və növbədənkənar sessiyalar ərzində ümumilikdə 8 iclas keçirib.

Polad Bülbüloğlunun sədrlik etdiyi Mədəniyyət komitəsi ən çox iclasını fevral ayında keçirib. Belə ki, komitə üzvləri bu ay 3 dəfə toplaşıblar. Komitə mart, aprel və iyun aylarında müvafiq olaraq 1, 1 və 2 iclas keçirib. May və iyul aylarında isə komitənin iclası baş tutmayıb.

Komitənin iclaslarında ilk dəfə müzakirəyə çıxarılan 2 qanun layihəsi müzakirə edilib. Bundan əlavə, "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi bir oxunuşla komitənin gündəliyinə çıxarılıb.

Komitənin gündəliyində əsasən mədəniyyət sahəsində dövlət siyasəti, kinematoqrafiya, mədəni irsin qorunması, Şuşanın mədəniyyət paytaxtı statusu və mədəniyyət qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı qanun layihələri müzakirə edilib. Həçinin komitədə "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirə də keçirilib.

Səhiyyə komitəsi

Komitə yaz və növbədənkənar sessiyalar ərzində ümumilikdə 8 iclas keçirib. İclaslarda ümumilikdə 11 məsələ müzakirə edilib ki, bunların da sadəcə biri Milli Məclisin “Qarabağ” zalında keçirilib, digər bütün iclaslar onlayn formada olub.

Əhliman Əmiraslanovun sədrlik etdiyi Səhiyyə komitəsi ən çox iclasını fevral ayında keçirib. Belə ki, komitə üzvləri bu ay 3 dəfə toplaşıblar. Komitə iyul ayında 2, aprel və iyun aylarında isə hərəsində 1 iclas keçirib. Mart və may aylarında komitənin iclası baş tutmayıb.

Komitənin iclaslarında ilk dəfə müzakirəyə çıxarılan 2 qanun layihəsi olub.  Bundan əlavə, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, eləcə də "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri də daxil olmaqla 2 məsələ bir oxunuşla komitənin gündəliyinə çıxarılıb.

Regional məsələlər komitəsi

Komitə yaz və növbədənkənar sessiyalar ərzində ümumilikdə 5 iclas keçirib.

Siyavuş Novruzovun sədrlik etdiyi Regional məsələlər komitəsi ən çox iclasını may ayında keçirib. Belə ki, komitə üzvləri bu ay 2 dəfə toplaşıblar. Fevral və iyun aylarında isə hərəsində 1 iclas keçirilib. Mart, aprel və iyul aylarında komitənin iclası baş tutmayıb.

Komitənin iclaslarında birinci oxunuş qanun layihəsi müzakirə olunmayıb.

Bununla yanaşı, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsi, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, eləcə də Torpaq Məcəlləsi və torpaq münasibətlərini tənzimləyən bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi daxil olmaqla 4 məsələ bir oxunuşla komitənin gündəliyinə çıxarılıb.

Gənclər və idman komitəsi

Komitə yaz və növbədənkənar sessiyası ərzində ümumilikdə 4 iclas keçirib.Hər üç iclas onlayn formada keçirilib.

Şahin İsmayılovun sədrlik etdiyi Gənclər və idman komitəsi bütün iclaslarını fevral ayında keçirib.

Komitənin iclaslarında ilk dəfə müzakirə olunun 2 qanun layihəsi olub. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, "Müdafiə haqqında", "Veteranlar haqqında", "Bədən tərbiyəsi və idman haqqında" və bir sıra digər qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də daxil olmaqla 1 məsələ bir oxunuşla komitənin gündəliyinə çıxarılıb.

İctimai birliklər və dini qurumlar komitəsi

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində 2026-cı ilin yaz və növbədənkənar sessiyaları müddətində 1 iclas keçirib. İclasın gündəliyində 3 məsələ olub ki, bunlar da cari məsələlər, ötən sessiyada görülən və yeni başlayan sessiyada görüləcək işlər haqqında müzakirələr aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr