Modern.az

Oksforddan Lomonosova: Milli Məclisin xarici diplomlu deputatları

Oksforddan Lomonosova: Milli Məclisin xarici diplomlu deputatları

Parlament

Bu gün, 18:15

Azərbaycan Milli Məclisinin 124 deputatı arasında ali təhsilini və ya sonrakı akademik mərhələlərini xaricdə davam etdirən millət vəkilləri də var. Onların sırasında dünyanın nüfuzlu universitetlərinin məzunları, eləcə də keçmiş SSRİ məkanının tanınmış ali məktəblərində təhsil alan deputatlar yer alır.

Modern.az deputatların rəsmi bioqrafiyalarını araşdıraraq xaricdə təhsil alan millət vəkillərinin siyahısını hazırlayıb.

Araşdırma göstərir ki, hazırkı siyahıda 30 deputat xarici ali təhsil müəssisələrində bakalavr, magistr, doktorantura, assistentura və ya ixtisasartırma proqramları üzrə təhsil alıb.

Onlardan 5-i qadın, 25-i isə kişidir.

Ən çox təmsil olunan ali məktəb M.V.Lomonosov adına Moskva Dövlət Universitetidir. Bu universitetin məzunları arasında Sahib Alıyev, Tamam Cəfərova, Bəxtiyar Əliyev və Gülşən Paşayeva yer alır.

Deputatlar arasında dünyanın ən nüfuzlu universitetlərində təhsil alanlar da var. Onların sırasında Oksford Universiteti (Böyük Britaniya), King's College London, Johns Hopkins Universiteti, Tufts Universitetinin Fletcher Hüquq və Diplomatiya Məktəbi, Mançester Universiteti, Vaşinqton Universiteti kimi ali təhsil ocaqları diqqət çəkir.

Ölkələr üzrə bölgüyə baxdıqda isə deputatların daha çox Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, Almaniya, İsveçrə, İspaniya və Gürcüstanda təhsil aldıqları görünür.

Xaricdə təhsil alan deputatlar:

Sahib Alıyev — M.V. Lomonosov adına Moskva Dövlət Universitetini 1991-ci ildə bitirib, jurnalist ixtisası alıb.

Azər Allahverənov — 1996-cı ildə Kazan Dövlət Universitetini bitirib, tarixçi və tarix müəllimi ixtisasına yiyələnib.

Kamal Cəfərov — 2011-ci ildə Bakı Dövlət Universitetini bakalavr səviyyəsində bitirib, 2012-ci ildə London Kral Universitetində, 2016-cı ildə isə Beynəlxalq Antikorrupsiya Akademiyasında təhsilini davam etdirib. İxtisası hüquqşünaslıqdır.

Müşfiq Cəfərov — 2011–2012-ci illərdə ABŞ-ın Minnesota Universitetində Hubert H. Humphrey proqramı üzrə təhsil alıb. İxtisası istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsidir.

Tamam Cəfərova — M.V. Lomonosov adına Moskva Dövlət Universitetini 1981-ci ildə bitirib, tarixçi-müəllim ixtisası alıb.

Bəxtiyar Əliyev — 1983-cü ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, psixoloq və psixologiya müəllimi ixtisasına yiyələnib.

Heydər Əsədov — 1987-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

Sevinc Hüseynova — 1992-ci ildə Saratov Dövlət Universitetini bitirib. O ixtisasca tarixçidir. 

Naqif Həmzəyev — 2019-cu ildə Türkiyənin Fırat Universitetinin Sosial Elmlər İnstitutunda doktorantura pilləsini bitirib, ixtisası Yaxın və Orta Şərqin tarixidir.

Nurlan Həsənov — Almaniya Federativ Respublikasında alman hüququ və müqayisəli hüquq üzrə magistratura təhsili alıb, hüquqşünasdır.

Vüqar İskəndərov — 2001-ci ildə Gürcüstanın Laqodexi Elmi-Tədris İnstitutunu bitirib, hüquqşünas ixtisasına yiyələnib.

Fariz İsmayılzadə — 2002-ci ildə Vaşinqton Universitetini bitirib, 2015-ci ildə isə İE Biznes Məktəbində sosial-iqtisadi inkişaf üzrə Ekzekyutiv MBA proqramını (magistratura) başa vurub.

Azər Kərimli — 1989-cu ildə Moskva Yüngül Sənaye Texnologiya İnstitutunu bitirib, mühəndis-texnoloq ixtisası alıb.

Rəşad Mahmudov — Türkiyə Respublikasının 9 Eylül Universitetini 1998-ci ildə, Ege Universitetini isə 2003-cü ildə bitirib. İxtisası həkim, ürək və damar cərrahıdır.

Tahir Mirkişili — 2016-cı ildə Böyük Britaniyanın Oksford Universitetinin "Beynəlxalq iqtisadiyyat və beynəlxalq siyasət" ixtisası üzrə xüsusi proqramını bitirib.

Elçin Mirzəbəyli — 1992-ci ildə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda assistentura pilləsini bitirib, rejissorluq və aktyor sənətinin əsasları ixtisasına yiyələnib.

Nəsib Məhəməliyev — Kuybışev Dəmiryolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib, mühəndis ixtisası alıb.

Əlibala Məhərrəmzadə — 1999-cu ildə İstanbul Universitetinin iqtisadiyyat şöbəsini bitirib, iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. Professordur.

Müşfiq Məmmədli — 2015-ci ildə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin Ali İqtisad Məktəbini bitirib, ixtisası səhiyyənin təşkilidir.

Ceyhun Məmmədov — 1998-ci ildə Beynəlxalq İslama Dəvət Kollecini bitirib, dinşünas ixtisasına yiyələnib.

Qaya Məmmədov — 2014-cü ildə ABŞ-ın Tafts Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbində beynəlxalq münasibətlər ixtisası üzrə magistratura təhsili alıb.

Arzu Nağıyev — 1985-ci ildə Moskva İdarəetmə İnstitutunu bitirib, idarəetmə üzrə mühəndis-iqtisadçı ixtisası alıb. 1991-ci ildə SSRİ DTK-nın Ali kursunda xüsusi ali zabit təhsili alıb.

Ramid Namazov — 2013-cü ildə ABŞ-ın Cons Hopkins Universitetində beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb.

Razi Nurullayev — 2004-cü ildə Cənubi Rusiya Humanitar İnstitutunu bitirib, hüquqşünas ixtisasına yiyələnib.

Könül Nurullayeva — 2021-ci ildə İsveçrənin Biznes Universitetində MBA proqramını bitirib.

Rizvan Nəbiyev — 1999-cu ildə Almaniyanın Saarland Universitetində beynəlxalq hüquq və Avropa hüququ ixtisası üzrə magistratura təhsili alıb.

Gülşən Paşayeva — 1983-cü ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, filoloq ixtisası alıb.

Tənzilə Rüstəmxanlı — 1991-ci ildə Moskva Kooperasiya İnstitutunu bitirib, iqtisadçı ixtisasına yiyələnib.

Səməd Seyidov — 1986-cı ildə A.A. Jdanov adına Qırmızı Əmək Bayrağı ordenli Leninqrad Dövlət Universitetini bitirib, psixoloq-müəllim ixtisası alıb.

Şahin Seyidzadə — 2007-ci ildə Böyük Britaniyanın Mançester Universitetində, eyni zamanda Moskvanın Sosial və İqtisadi Elmlər Ali Məktəbində magistratura təhsili alıb. İxtisasları təhsilin təşkili və idarəetməsi, sosial sahədə təhsilin təşkili və idarəetməsidir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var