Serbiyanın Milli Assambleyasının spikeri Anna Brnabiç son illərin Balkan siyasətində ən fərqli siyasi portretlərdən biridir. O, siyasətə parlamentdən deyil, biznes və qeyri-hökumət sektorundan gəlib, 2016-cı ildə ilk dəfə hökumətdə vəzifə tutub, bir il sonra isə Serbiyanın ilk qadın baş naziri olub. 2024-cü ildə parlamentin rəhbəri seçilib, 2026-cı ilin sentyabrında isə ölkədə baş verən siyasi dəyişiklik nəticəsində prezident səlahiyyətlərini də müvəqqəti icra etməyə başlayıb.
Modern.az saytı “Spikerlər” rubrikasında dünyanın müxtəlif ölkələrinin parlamentlərinə rəhbərlik edən şəxslər haqqında yazıları davam etdirir. Budəfəki təqdimatımız Anna Brnabiçlə bağlıdır.
Siyasətə biznesdən gəlib
Anna Brnabiç 28 sentyabr 1975-ci ildə Serbiya paytaxtı Belqradda anadan olub. O, ali təhsilini ABŞ və Böyük Britaniyada alıb. Miçiqandakı Northwood Universitetində biznes idarəçiliyi üzrə bakalavr təhsili alan Brnabiç daha sonar, 2002-ci ildə İngiltərənin Hull Universitetində marketinq üzrə MBA dərəcəsi əldə edib.
Onun siyasi karyerasından əvvəlki fəaliyyəti xüsusilə diqqətçəkəndir. Anna Brnabiç müxtəlif beynəlxalq təşkilatlarda, xarici investorlarla, yerli idarəetmə qurumlarında və ABŞ-ın maliyyələşdirdiyi inkişaf layihələrində çalışıb. O, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Serbiyadakı layihələrində də fəaliyyət göstərib.
Daha sonra biznes sektorunda Continental Wind Serbia şirkətinin direktoru olub. Şirkət Kovin bələdiyyəsində Serbiyanın ilk külək elektrik stansiyalarından birinin yaradılması layihəsi üzərində işləyirdi və həmin vaxt layihənin investisiya dəyəri təxminən 300 milyon avro göstərilirdi.

Anna Brnabiç siyasətə klassik siyasi fəal kimi deyil, menecer, biznes qadını və dövlət idarəçiliyi üzrə mütəxəssis kimi gəlib.
Bir il nazir oldu, sonra baş nazirliyə yüksəldi
A.Brnabiçin hökumətdə ilk vəzifəsi 2016-cı ilə təsadüf edib. O, həmin ilin avqustunda dövlət idarəçiliyi və yerli özünüidarə naziri təyin edilib.
Nazir olduğu dövrdə əsas diqqət yetirdiyi sahələrdən biri dövlət xidmətlərinin rəqəmsallaşdırılması idi. Serbiyanın parlamentinin saytındakı rəsmi bioqrafiyasında onun elektron hökumət sisteminin inkişafında, uşaqların elektron qeydiyyatı, əmlak vergilərinin elektron qeydiyyatı və dövlət qurumları arasında məlumat mübadiləsi kimi layihələrdə rol aldığı qeyd olunur.
Məhz bu texnokratik keçmişi onun siyasi karyerasında mühüm rol oynadı.
2017-ci ildə Aleksandar Vuçiç prezident seçildikdən sonra Anna Brnabiçi baş nazir postuna namizəd göstərdi. Həmin vaxt onun 41 yaşı vardı.
Parlament 29 iyun 2017-ci ildə Brnabiçi baş nazir seçdi və bununla o, Serbiyanın ilk qadın hökumət başçısı oldu. Eyni zamanda ölkənin ilk açıq homoseksual hökumət rəhbəri kimi tarixə düşdü. Başqa sözlə, Anna Brnabiç homoseksual olduğunu açıq şəkildə ictimaiyyətə bildirib və bunu gizlətməyib.

Bu təyinat beynəlxalq mediada da böyük diqqət çəkdi. Çünki Serbiya sosial baxımdan daha konservativ Balkan ölkələrindən biri hesab olunur və Brnabiçin seçilməsi ölkənin siyasi tarixində ciddi simvolik dəyişiklik idi. O vaxt beynəlxalq media onun Serbiyanın ilk açıq homoseksual baş naziri olduğunu xüsusi qeyd edirdi.
Serbiyanın ən uzunmüddətli baş naziri
Anna Brnabiç baş nazir seçiləndən sonar qısa müddətlik hökumət rəhbəri olmadı.
O, 2017-ci ildən 2024-cü ilə qədər üç hökumətə rəhbərlik etdi. Anna Brnabiç 80 aylıq fəaliyyətlə ölkə tarixinin ən uzunmüddətli baş naziri kimi tarixə düşüb.
2020-ci ildə ikinci dəfə, 2022-ci ildə isə üçüncü dəfə baş nazir seçildi.
Onun hökumətlərinin əsas istiqamətlərindən biri rəqəmsallaşma və texnologiyalar olub.
A.Brnabiçin baş nazirliyi dövründə Serbiyada elm və texnologiya parklarının yaradılması genişləndirilib, süni intellekt və biotexnologiyaya investisiyalar artırılıb. Serbiya hökumətinin məlumatına görə, Belqrad, Niş, Novi Sad və Çacakda dörd elm və texnologiya parkı fəaliyyətə başlayıb.
Anna Brnabiç 2022-ci ildə bildirmişdi ki, Serbiyanın İKT xidmətləri ixracı 2,6 milyard avronu keçə bilər. Həmin dövrdə ölkədə süni intellekt üçün superkompüter və genomika üzrə yeni infrastruktur da yaradılırdı.
Spiker kürsüsünə keçdi

2024-cü ildə Anna Brnabiç üçün yeni mərhələ başladı.
20 mart 2024-cü ildə Serbiya parlamentində keçirilən səsvermədə o, 153 səslə Milli Assambleyanın sədri seçildi. Beləliklə, təxminən yeddi il hökumətə rəhbərlik etdikdən sonra parlamentin başına keçdi.
Spiker kimi onun səlahiyyətlərinə parlamenti təmsil etmək, iclasları çağırmaq, gündəliyi müəyyənləşdirmək və parlament iclaslarına rəhbərlik etmək daxildir.
2026-cı ilin iyulunda Anna Brnabiç Belqradda Avropa İttifaqına üzvlüyə namizəd ölkələrin parlament sədrlərinin konfransına da rəhbərlik edib. Bu toplantıda namizəd ölkələrin parlamentləri arasında daimi əməkdaşlıq formatının yaradılması müzakirə olunub.
İndi isə prezident səlahiyyətlərini də icra edir
Brnabiçin siyasi bioqrafiyasının ən yeni səhifəsi məhz bu günlərdə yazılıb.
Serbiya Prezidenti Aleksandar Vuçiç 27 sentyabr 2026-cı ildə vəzifəsindən istefa verib. Bunun ardınca konstitusion qaydalara əsasən, prezidentin səlahiyyətləri parlament sədrinə keçib.

Beləliklə, 28 sentyabrda Vuçiç prezidentlik səlahiyyətlərini Brnabiçə təhvil verib. O, yeni prezident seçilənədək Serbiyanın prezident səlahiyyətlərini icra edən şəxsi olacaq. Bu müddət konstitusiyaya əsasən 90 gündən çox ola bilməz.
Onun ailə köklərində maraqlı detal
Anna Brnabiçin ailə tarixində də diqqətçəkən məqam var.
Onun ata tərəfdən babası Anton Brnabiç Xorvatiyanın Krk adasındakı Stara Başka kəndində doğulmuş xorvat olub. İkinci Dünya müharibəsi zamanı Yuqoslaviya partizanlarına qoşulub, müharibədən sonra isə hərbçi kimi xidmət edib və polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Anna Brnabiçin ata nənəsi isə Serbiyanın Pojeqa yaxınlığındakı Gorobilje kəndindən olan serbdir. Ana tərəfdən babası və nənəsi Babuşnitsadan olublar.
Brnabiç özü də bu mövzu barədə danışarkən serb olduğunu, Krk adası ilə isə xüsusi bağının qaldığını bildirib. O, uşaqlıq yaylarının bir hissəsini həmin adanda keçirib və ailənin oradakı evi sonradan onun mülkiyyətində qalıb.
Bu detal onun bioqrafiyasını Balkanların mürəkkəb milli tarixindən də yan keçməyən bir hekayəyə çevirir.
Serbiyanın ilk açıq homoseksual baş naziri

Anna Brnabiçin dünya mediasında ən çox diqqət çəkən xüsusiyyətlərindən biri də şəxsi həyatıdır.
2017-ci ildə baş nazir seçildikdə o, Serbiyanın ilk açıq homoseksual hökumət rəhbəri oldu. Həmin vaxt bu fakt ölkənin mühafizəkar cəmiyyətində geniş müzakirələrə səbəb olmuşdu.
Elə həmin ilin sentyabrında Brnabiç Belqrad “Pride” yürüşündə iştirak etdi. Bu, onun siyasi karyerasında simvolik addımlardan biri hesab olunur. Brnabiç həmin tədbirdə hökumətin bütün vətəndaşlara hörmət etdiyini bildirmişdi.
Lakin onun LGBT hüquqları ilə bağlı siyasi fəaliyyəti eyni zamanda mübahisələrə də səbəb olub. Bəzi hüquq müdafiəçiləri onun hökumətdəki mövqeyini bu sahədə real dəyişikliklərlə müqayisə edərək tənqid ediblər. Məsələn, 2017-ci ildə bəzi Serbiya və Balkan LGBT təşkilatları onun təyinatını daha çox ölkənin beynəlxalq imicini yaxşılaşdırmağa yönəlmiş addım kimi qiymətləndirirdilər.
Bu səbəbdən Anna Brnabiçin siyasi portretində həm tarixi “ilk”lər, həm də onun hökumətinin LGBT məsələsindəki siyasəti ilə bağlı fərqli yanaşmalar mövcuddur.
Baş nazir olduğu vaxt partnyoru ana oldu

Anna Brnabiçin şəxsi həyatındakı ən maraqlı hadisələrdən biri də onun baş nazir olduğu dövrdə baş verib.
2019-cu ilin fevralında Anna Brnabiçin partnyoru olan Milica Durdiç oğlan uşağı dünyaya gətirib. Uşağın adı İqor qoyulub. Mənbələr Milica Durdiçin süni mayalanma yolu ilə hamilə qaldığını və uşaq dünyaya gətirdiyini yazırlar. 2019-cu ilin fevralında baş verən bu doğumla Anna Brnabiç dünyada vəzifədə olarkən eynicinsli münasibətdə tərəfdaşı ana olan ilk baş nazir kimi tarixə düşüb.
Anna Brnabiç özü bətndən uşaq dünyaya gətirməsə də, yəni bioloji baxımdan uşağın anası Milica olsa da, o, İqoru “oğlum” deyə təqdim edir. Başqa sözlə, Anna Brnabiç uşağı Milica Durdiç ilə birlikdə böyüdür və onu ictimai çıxışlarında “oğlum” adlandırır. Brnabiç bəzi açıqlamalarında uşaq haqqında da danışıb. Məsələn, 2024-cü ildə verdiyi açıqlamalardan birində İqorun artıq böyüdüyünü, onun çox işləməsindən narazı qaldığını söyləyib.
A.Qorxmaz