Modern.az saytının “Şəhiddən qalan son foto” rubrikası davam edir. Rubrikamızın budəfəki təqdimatında mayor Vüqar Heydərovdan bəhs edirik.
Şəhidin həyat yoldaşı Ülkər Heydərovanın sözlərinə görə, həyat yoldaşının ən son fotosu şəhadətindən cəmi 5 gün əvvəl çəkilib.
“İşini çox sevirdi, hətta deyərdim ki, həddindən artıq sevirdi. Xidməti ilə bağlı hər bir detalda son dərəcə diqqətli idi. Həmin günlərdə yeni qış formaları verilmişdi. Formanı geyinib şəkil çəkdirdi və mənə göndərərək dedi: “Bax, necə gözəl formadır”. Mən də çox bəyəndiyimi söylədim. Həmişə deyirdi ki, zabitin xidməti onun şəxsi intizamından və peşəsinə münasibətindən başlayır.
Çox səliqəli və tələbkar insan idi. Nizamnaməni əzbər bilir, ona uyğun davranır, eyni zamanda orduda layiqli əsgərlərin yetişdirilməsi üçün əlindən gələni edirdi. Xidmət etdiyi bütün hərbi hissələrdə mümkün olan ən yaxşı şəraiti yaratmağa çalışırdı. Həm şəxsi heyətin maddi təminatı, həm də onların yüksək döyüş ruhunda tərbiyə olunması üçün böyük zəhmət çəkirdi. Əsgərlər bir tərəfdən onun zəhminə görə hörmət edir, digər tərəfdən isə ondan böyük qardaş və ata qayğısı görürdülər".
Şəhid xanımı xatırladır ki, şəhidliyindən iki ay əvvəl onu Naxçıvanda, ermənilərlə üzbəüz yerləşən dağ postuna komandir təyin ediblər:
"Özü ilə apara bilmədiyi üçün biz ayrılmalı olduq. Bizi gətirib Bakıya yerləşdirdi. O günlər mən çox ağlayırdım. Deyirdim ki, səninlə dağda yaşamağa da razıyam. O isə deyirdi ki, oradakı şərait ailə üçün deyil, bizə bu əziyyəti yaşatmaq istəmir: “Uşaqlar yazıqdır, axı nə qədər köçhaköç olar? Balalarıma bunu etməyə, onları bu dağ şəraitinə məhkum etməyə haqqım yoxdur”.
Məni sakitləşdirmək üçün gülərək deyirdi: “Darıxma, iki il nədir ki? Papağını fırladıb atacaqsan, keçib gedəcək. Sonra yenə yanınızda olacağam”.
Amma o iki il mənə sonsuzluq kimi görünürdü. Çünki biz bir-birimizdən ayrı qala bilmirdik. Əvvəllər də dağlıq ərazilərdə xidmət etdiyi üçün rayonlarda yaşamışdıq, uzun ayrılıqlar görmüşdük. Lakin artıq bir gün belə onsuz qalmaq istəmirdim.
Biz 19 illik çətin, keşməkeşli, amma sevgi dolu bir ömür yaşamışdıq. Sevgili olduğumuz gündən etibarən bir-birimizə çox bağlı idik. Onun necə ailəcanlı olduğunu, bizi həyatının mərkəzinə qoyduğunu ətrafımızdakı hər kəs yaxşı bilirdi.
Elə son günlərində də bütün düşüncəsi ailəsi idi. Ev üçün lazım olan hər şeyi almışdı. Uşaqların otağı üçün mebellərə qədər sifariş vermişdi. Mebel ustası ilə yazışmaları, göndərdiyi eskizlər və şəkillər hələ də qalır. Şəhid olmazdan bir gün əvvəl - ayın 19-da mebel ustasına son tapşırıqlarını vermişdi.
Son yazışmalarından birində bacanağına səs göndərərək demişdi: “Onları yerləşdirdim, artıq arxayınam. Vətən məni gözləyir..."
Ayın 20-də isə şəhidlik zirvəsinə ucaldı".
Vüqar Heydərov 1988-ci ildə Lənkəran rayonunun Boladi kəndində ziyalı ailəsində dünyaya göz açıb.
2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2005-ci ildə hərbi liseyi bitirib və həmin ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2009-cu ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra 1 il Təlim-Tədris Mərkəzində hərbi xidmət keçib. 2010-cu il iyulun 22-dən şəhadətə yüksəldiyi anadək Naxçıvan Muxtar Respublikasında yerləşən müxtəlif hərbi hissələrdə zabit kimi xidmət edib.
Mayor Vüqar Heydərov 2023-cü il sentyabrın 20-si tarixində Qarabağda keçirilən antiterror əməliyyatı zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. O, 21 sentyabr tarixində Boladi kənd qəbiristanlığında dəfn edilib.
Ailəli idi. Vətənə Yüsif və Mehdi adlı 2 oğul övladı əmanət qalıb.