Fotodakı avtomobil Azərbaycan poeziyasının ustadlarından biri - mərhum Xalq şairi Səməd Vurğunla bağlı xatirələrin səssiz şahididir. Uzun illər əvvəl bu maşın şairin gündəlik həyatının bir hissəsi olub. Böyük şairdən yadigar qalan "Pobeda" QAZ-M-20 markalı avtomobilin maraqlı hekayəsi var.
Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında bu dəfə Səməd Vurğunun maşınından bəhs edir.
1950-ci illərin əvvəllərindən Səməd Vurğuna xidmət edən maşının tarixçəsini mərhum şairin qohumu, tanınmış hüquqşünas Səməd Vəkilov danışıb.
Onun sözlərinə görə, Səməd Vurğun bu avtomobili uzun müddət idarə edib. Bununla yanaşı, onun xüsusi sürücüsü də olub. Aleksey adlı həmin sürücü bir müddət “Pobeda" QAZ-M-20 markalı avtomobillə Səməd Vurğunu gəzdirib.
Xalq şairi dünyasını dəyişməzdən (1956) təxminən bir il əvvəl avtomobili Gürcüstanda yaşayan xalası oğlu Hüseynəli Bayramova hədiyyə edib. Mərhum Hüseynəli Bayramov avtomobili özünün yaşadığı Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndinə aparıb. Beləcə, “Pobeda" QAZ-M-20 illərlə doğma Azərbaycandan uzaqda qalıb.
Nəhayət 2017-ci ildə Səməd Vurğunun gəlini - Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova şairin avtomobilinin Azərbaycana qaytarılması təşəbbüsü ilə çıxış edib
Xalq şairinin qohumu Səməd Vəkilov:

“Nüşabə Vəkilova o vaxt Səməd Vurğunun ev muzeyinin direktoru işləyirdi. Nüşabə xanımın təşəbbüsündən sonra mən avtomobilin saxlanıldığı Sadaxlı kəndinə gedərək, onun vəziyyəti ilə maraqlandım. Orada avtomobilin sənədlərini və o vaxtki durumunu əks elətdirən fotolar çəkib gətirdim. Bu işdə mərhum ziyalımız filologiya elmlər doktoru, Səməd Vurğunun xalası nəvəsi Adilxan Bayramovun dəstəyi danılmazdır. Avtomobil onun atasının - mərhum Hüseynəli Bayramovun Sadaxlıdakı evinin həyətində idi.
Yeri gəlmişkən, Səməd Vurğunun xalası oğlu Hüseynəli Bayramov 1912-ci ildə Borçalının Sadaxlı kəndində anadan olub. Borçalıda Pedaqoji Texnikumunu, Tiflis Müəllimlər İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə Sadaxlıda müəllim kimi başlayıb. Sonralar məktəb direktoru, Rayon İcraiyyə Komitəsinin katibi, kolxoz sədri, İstehlak Cəmiyyətinin sədri, sovxoz direktoru və s. vəzifələrdə işləyib.
2017-ci ildə avtomobilin Azərbaycana gətirilməsi mümkün olmadı. Bu, həmin vaxt onun tamamilə yararsız vəziyyətdə olması səbəbindən baş tutmadı. Sonradan hörmətli akademik Hafiz Paşayevin, iş adamı Məmməd Musayevin, Aqşin Ziyadovun və başqa şəxslərin, o cümlədən dövlət qurumlarımızın dəstəyi ilə maşını Azərbaycana gətirmək mümkün oldu”.
Azərbaycana gətirilərkən istifadəyə yararsız vəziyyətdə olan “Pobeda" illərin yorğunluğunu öz gövdəsində, detallarda və səssizliyində hiss etdirirmiş.

Nəhayət Səməd Vurğunun vətənində - Qazaxda təmir və bərpa işlərindən sonra bu klassik avtomobil öz əvvəlki görkəminə qaytarılır.
Bu gün həmin maşın Səməd Vurğun dövrünün estetikası, köhnə ab-havası, poeziya məclislərinin izi və şairin ruhuna bağlı xatirələri yaşadır.
“Pobeda" QAZ-M-20 markalı avtomobil hazırda Səməd Vurğunun Qazaxdakı Poeziya evində saxlanılır.
Ə.Qafarlı