Modern.az

Şəhiddən qalan son foto - Xocalının qisasını almağa gedən MAYOR 

Şəhiddən qalan son foto - Xocalının qisasını almağa gedən MAYOR 

Reportaj

Bu gün, 09:00

Modern.az saytının “Şəhiddən qalan son foto” rubrikası davam edir. Budəfəki təqdimatımız əslən Cəbrayıl rayonundan olan mayor Səyavuş Hümbət oğlu Kəlbalıyevə həsr olunur.  

Şəhidin həyat yoldaşı Pərvanə Kəlbalıyevanın sözlərinə görə, həyat yoldaşının ən son fotosu müharibə başlanmazdan bir gün öncə çəkilib. 

“Bu şəkli şəhidimiz müharibədən bir gün əvvəl göndərmişdi. O, heç vaxt silahdan, hərbi işlərdən danışmağı sevməz, bunu hərbi sirr hesab edərdi. Gülə-gülə çəkdirdiyi bu sonuncu şəklini mənə sentyabrın 26-dan 27-nə keçən gecə, saat 1 radələrində göndərdi. Dedi ki, “Sən məni heç vaxt belə hazır vəziyyətdə görməmisən. Amma iki paltarım var, ikisi də təzədir. Bilmirəm hansını geyinim. Səncə, hansını seçim?” 

Dedim ki, “İkisi də təzədir, geyin. Nə vaxta saxlayırsan ki?” Dedi: “Düz deyirsən, onsuz da sonuncu formamdır. Geyinim, kimin üçün saxlayacağam ki...”

“Sonuncu niyə olsun ki?” deyə soruşdum. Gülə-gülə səs göndərdi ki, “Mənim bu şəklimi də məndən yadigar saxla. Vaxt gələcək, lazım olacaq”.

Şəhid xanım xatırladır ki, müharibə başlamazdan iki gün əvvəl həyat yoldaşı evə gəlib:

“Çəkmə geyinməkdən ayaqları qabar olmuşdu. Yerdə oturub qabarları təmizlədi. Sonra əlindəki bıçağı böyük oğlumuz Hümbətə uzadıb dedi: “Atanın balası, bunu atadan yadigar saxlayarsan”.

Həmin bıçağın ikinci tayının arxasına kəndir bağlayıb şalvarının cibinə qoydu. Dedi ki, “Bu bıçağı Xocalının qisasını almaq üçün saxlayıram”.

Həmin ərəfədə gülə-gülə mənə dedi: “Sənə nə hədiyyə verim ki, məndən yadigar saxlayasan?” Bu şəkli göndərəndə də eyni sözləri təkrarladı: “Bax, yadigar saxlamağa sənə şəkil göndərdim. Saxla, məndən qalsın. Bu mənim sonuncu fotomdur. Bir daha nə sən məni görəcəksən, nə də mən səni”.

Səyavuş daha sonra dedi ki, “Rütbə əks etdirən çiyin nişanımı və hərbi biletimi iş masasının üstünə qoymuşam. İmkan tapsam, gəlib sizi görəcəyəm. Bacarsan, Bakıya getmə (Biz o vaxt Beyləqanda kirayədə qalırdıq).  Arada uşaqları görməyə gələcəyəm. Yox, alınmasa, Allaha əmanət olun. Uşaqlar mənsiz də mənim adımla böyüyəcək. Təəssüf ki, mən onların böyüməsini görə bilməyəcəyəm...”, - o dedi.

…bu da bizim onunla sonuncu söhbətimiz oldu".

Səyavuş Hümbət oğlu Kəlbalıyev 16 oktyabr 1987-ci ildə Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. 1993-cü ildə ailəsi ilə birlikdə məcburi köçkün kimi Bakının Pirşağı qəsəbəsində qatar vaqonunda məskunlaşıb. Çətin şəraitdə böyüməsinə baxmayaraq, məktəbi əla qiymətlərlə bitirərək Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Hələ məktəb illərindən hərbçi olmaq arzusu ilə yaşayan Səyavuşu məktəbdə “Çavuş” deyə çağırırlarmış.

2009-cu ildə ali hərbi təhsilini başa vuraraq leytenant rütbəsi alıb, daha sonra kəşfiyyat sahəsində xidmətini davam etdirib. Xidmət dövründə qüsursuz fəaliyyətinə görə müxtəlif orden və medallarla təltif olunub.

Vətən müharibəsi başlayanda doğulduğu Cəbrayılın azadlığı uğrunda döyüşlərə şəxsən qatılmaq istəyib və əməliyyatlara özü rəhbərlik edib. Döyüş yoldaşlarının sözlərinə görə, Füzuli istiqamətində ön sırada irəliləyərək qrupa yol açıb, düşmənin müdafiə xəttinin yarılmasında mühüm rol oynayıb.

Mayor Səyavuş Kəlbaliyev 29 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı