Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin vaxtilə cəzaçəkmə müəssisəsində çəkilmiş fotosu... 10 il öncə məhz bu gündə - 4 may tarixində həbsxanaya monitorinqə - məhkumlarla görüşə gedən Vüqar Səfərli indi özü cəzaçəkmə müəssisəninin sakinidir.
Modern.az saytı həmin fotonu "Bir şəklin tarixçəsi" rubrikasında təqdim edir.
Zaman - 2016-cı ilin 4 mayı. Məkan - 6 saylı cəzaçəkmə müəssisəsi...
Kadrın mərkəzində iki rəsmi sima dayanır: Vüqar Səfərli və Yaşar İsakov.
Biri KİVDF-nin qılıncının dalı-qabağı kəsən icraçı direktoru, digəri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibi...
Şəklin arxa fonunda isə Penitensiar sistemin gündəlik ritmini xatırladan detalları görmək olur - hərbi formada nəzarətçi, sərt interyer, rəsmi mühitin soyuq estetikasını tamamlayan elementlər...
“Burda deyiblər ki, "zemlya kruqlaya". Bu şəkil 4 may 2016-cı ildə Vüqar Səfərli ilə 6 saylı cəzaçəkmə müəssisəsində çəkilib.
P.S. Şəraitdən razı qalmışdı”, - deyə Yaşar İsakov 10 yaşlı şəkli yarızarafat-yarıciddi şərh edib.
Bu foto zahirən adi görüş anını xatırladır. İki məmur, rəsmi geyim, protokol qaydalarına uyğun duruş. Lakin zaman keçdikcə, bu kadr başqa məna qazanır. Şəkil çəkiləndən cəmi 8 gün sonra Yaşar İsakov tutduğu vəzifədən ayrılır. Bu, karyera trayektoriyasında səssiz, lakin diqqətəlayiq dönüş nöqtəsi kimi qalır.
Digər tərəfdə isə Vüqar Səfərlinin hekayəsi illər sonra tamam fərqli istiqamətdə davam edir. 2021-ci ildə o, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət vəsaitlərinin mənimsənilməsi ittihamları ilə həbs olunur və 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilir. Beləliklə, bir vaxtlar penitensiar sistemdə qonaq kimi görünən vəzifəli şəxs sonradan həmin sistemin sakininə çevrilir.
Foto məhz bu ironik paralelə görə diqqət çəkir. Dövlət strukturlarının müxtəlif qollarını təmsil edən iki şəxsin eyni məkanda çəkilmiş görüntüsü sonradan fərqli talelərin kəsişmə nöqtəsinə çevrilir.
Beləliklə, 2016-cı ildə obyektivə düşən bu an, 10 il sonra başqa cür oxunan sənədə çevrilib.

A.Qorxmaz