Modern.az

Şəhiddən qalan son foto: "Onunla bağlı xatirələrim çox azdır" - Şəhid xanımı

Şəhiddən qalan son foto: "Onunla bağlı xatirələrim çox azdır" - Şəhid xanımı

Reportaj

Bu gün, 08:30

Elə talelər, həyat hekayələri var ki, onları qələmə alarkən insanın ürəyi titrəyir, duyğuları sözlərə, sətirlərə sığmır. Onsuz da həssas olan bir mövzunun içindəsən... Bu emosionallıq daha dərindən hiss edildikdə, həmin ağrı və nisgil birə beş  artır. Deyərdim ki, dünyaya gələn bir övladın atasını görə bilməməsi isə bu nisgilin ən ağır, ən ağrılı tərəflərindən biridir. O ata körpəsinin dünyaya gəlişini böyük həyəcanla gözləyirdi. Lakin onun dünyaya göz açışını, gülüşünü, səsini, qoxusunu görə, duya bilmədi...

Modern.az saytı “Şəhiddən qalan son foto” rubrikasını davam etdirir. Budəfəki təqdimatımız Lələtəpə döyüşlərinin iştirakçısı, şəhid Ziya Niyazi oğlu Həsənova həsr olunur. 

Şəhidin həyat yoldaşı Aişə Həsənovanın sözlərinə görə, təqdim olunan foto onların birlikdə çəkdirdikləri ən son şəkildir. Onun sözlərinə görə, foto Beyləqan rayonunda, ailə qurduqdan qısa müddət sonra çəkilib:

“Heç bilmirəm bu şəkil haqqında nə deyim, nə danışım... Sözlər boğazımda düyünlənir, foto özü isə danışır. Biz Ziya ilə cəmi 7 ay evli olmuşuq. Ailə qurduqdan sonra Beyləqəna getmişdik. Onunla bağlı xatirələrim çox azdır. Ziya şəhid olandan sonra bir övladımız - qızımız dünyaya gəldi. Yağmur, Yağmurumuz... Artıq 10 yaşı var. Mənə ondan yadigar qalan övladımız atası şəhid olandan cəmi 2 ay sonra doğuldu. Adını da elə Ziya özü əvvəlcədən  qoymuşdu".

A.Həsənova deyir ki, həyat yoldaşının Aprel döyüşlərinə aid demək olar ki, heç bir fotosu yoxdur:

“Əksər hərbçilərimizin, şəhidlərimizin döyüşlərdən şəkilləri, hətta videoları var. Amma Ziyanın Aprel döyüşlərindən bir dənə də olsun fotosu yoxdur...”

Ziya Niyazi oğlu Həsənov 1989-cu il oktyabrın 11-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olub. 2004-2007-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-ci ildə təhsilini Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. 2011-ci ildə ali hərbi təhsilini başa vurduqdan sonra Ağdam istiqamətində tağım komandiri kimi xidmətə başlayıb. 2015-ci ildən etibarən Füzuli-Beyləqan istiqamətində xidmətini davam etdirib.

Baş leytenant Ziya Həsənov 2016-cı ilin aprelində Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də o, Bərdə şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Ziya Həsənov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medallla təltif olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!