Modern.az

Şəhiddən qalan son foto: "Onunla hər yerə getdim, bircə ölümdən başqa" - Şəhid xanımı

Şəhiddən qalan son foto: "Onunla hər yerə getdim, bircə ölümdən başqa" - Şəhid xanımı

Reportaj

Bu gün, 09:00

Şəhid xanımı: “23 il bir igidin ömrüdür… Mehman o ömrü Vətən yolunda yaşadı"

“Hərbçi ilə ailə qurmaq onunla birlikdə xidmət etmək deməkdir"

Modern.az saytının “Şəhiddən qalan son foto”  rubrikası davam edir. Budəfəki təqdimatımız Vətən müharibəsinin iştirakçısı, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik-leytenant Mehman Mirəziz oğlu Şirvanov barəsindədir.

Şəhidin xanımı Arzu Şirvanova bildirib ki, bu şəkil həyat yoldaşının şəhid olmazdan bir gün öncə çəkilmiş ən son fotosudur.

“Bu şəkli Mehman şəhid olmazdan bir gün əvvəl dostuna atıb, deyib ki, saxla, lazım olar. Mehman mənə çox vaxt söz deməzdi. Bilirdi ki, mən çox darıxıram, narahat oluram. Müharibə başlayanda da dostlarına deyib ki, mən şəhid olacam”.

Şəhidin həyat yoldaşının sözlərinə görə, Mehman çox güclü, uzaqgörən zabit olub:

“Döyüş yoldaşları da bunu daim təsdiqləyirdi. O, gəncliyini, həyatını hər şeyini hərbi xidmətə həsr etmişdi. Xidmət illərinin böyük hissəsini cəbhə bölgələrində, dağlarda, postlarda keçirmişdi.

Mehman haqqında çox söz demək olar. Amma nə kitablar, nə jurnallar, nə də qələm onun necə biri olduğunu tam ifadə edə bilər. Biz onunla 10 il birlikdə yaşadıq, artıq 6 ildir onsuz qalmışıq - bu illəri sözə sığdırmaq mümkün deyil”.


Foto: 26 sentyabr 2020-ci il

Arzu xanımla həyat  yoldaşının tanışlığının maraqlı tarixçəsi olub:

“Mehmanla tanışlığımız onun bacısının toyuna təsadüf edir. Bacısının toyunda məni görüb bəyənib, qonaq  gəlmişdilər. Biz bir-birimizi uzun illər tanımadan ailə qursaq da, aramızdakı sevgi və bağlılıq illərlə qurulan münasibətlərə meydan oxuyacaq qədər güclü idi. 2010-cu ildə ailə həyatı qurduq. Ailə quranda mənim 19 yaşım var idi, Mehman isə məndən 11 yaş böyük idi. O, həmişə qayğıma qalar, mənə uşaq kimi yanaşar, nazımı çəkərdi.

Hərbçi ilə ailə qurmaq onunla birlikdə xidmət etmək deməkdir. Mehmanla birgə, çox çətinliklərimiz, ağır günlərimiz olub. 8 ildən sonra qızımız - Nuray dünyaya gəldi. Mehman şəhid olanda Nurayın cəmi 1 yaş 10 aylıq idi. İndi isə artıq 2-ci sinifdə oxuyur.

Mehmanla birlikdə çox yerlər gəzmişəm, onunla hər yerə getmişəm. Amma onun getdiyi o son yola - şəhidlik yoluna onunla gedə bilmədim... Onun gedişi məni sanki bir anda qocaltdı. Amma bu gün Mehman özü olmasa da, onun sevgisi bizimlədir. Xatirəsi şeirlərdə, hekayələrdə, sənədli filmlərdə yaşayır. İnanıram ki, Mehman kimi qəhrəmanlar heç vaxt unudulmayacaq”.

O, həyatını, gəncliyini - hər şeyini hərbi yola verdi

“Heç nədən qorxmazdı, gözündə qorxu yox idi. Müharibə başlayanda da bilirdim ki, geri qalmayacaq. Çox qorxurdum və qorxduğum başıma gəldi.

Mehman xidmət etdiyi illərdə demək olar ki, evdə olmazdı. Nə bayram, nə şənlik… Həmişə deyirdi ki, “əsgərlərimin mənə ehtiyacı var, onların yanında olmalıyam. Onları valideynləri bizə əmanət edib”. Onun üçün hərbi xidmət, əsgərləri hər şeydən öndə idi.

23 il bir igidin ömrüdür… Mehman o ömrü Vətən yolunda yaşadı. Mən bu gün də bilirəm ki, əgər yenidən seçim qarşısında qalsaydım, onun şəhid olacağını bilsəm belə, yenə də Mehmanı seçərdim.

Yaxşı ki, onunla bağlı xatirələrim var. Yaxşı ki, onun kimi bir insanın həyat yoldaşı olmuşam. Bu gün onun adını, onun övladını yaşadıram və bununla fəxr edirəm”, - deyə şəhidin həyat yoldaşı söyləyib.

Mehman Şirvanov 1980-ci il fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Polkovnik-leytenant Mehman Şirvanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elə həmin gün də Murovdağ döyüşlərində şəhid olub. Lənkəran rayonunun Ürgə kəndində dəfn olunub.

Prezident İlham Əliyevin 09.12.2020, 15.12.2020 və 24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən, Mehman Şirvanov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlıq və igidliyə görə "Qarabağ" ordeni, ölümündən sonra "Vətən uğrunda" medalı və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə