Modern.az

“Azərbaycanda müharibə bitmədikcə, alternativ xidmət olmayacaq”

“Azərbaycanda müharibə bitmədikcə, alternativ xidmət olmayacaq”

Təhsil

18 Noyabr 2013, 10:05

Azərbaycan hökumətinin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri də alternativ hərbi xidmət haqqında məsələ idi. 2011-ci ildə ölkəmiz Avropa İnsan Haqları Konvensiyasını ratifikasiya etdi. Həmin sənədin mühüm müddəalarından biri vətəndaşın öz əqidəsi əsasında alternativ hərbi xidmət keçməsi idi. Avropa Şurasına daxil olan ölkələrin xeyli qismində, o cümlədən MDB üzvü olan dövlətlərdə alternativ hərbi xidmət mövcuddur.

Azərbaycan qanunvericiliyində bunun yoxluğunu izah edən deputat Zahid Oruc Modern.az-a açıqlamasında müxtəlif səbəblər sadalayıb.

“Eks-prezident Heydər Əliyevin mediaya müsahibələrinin birində xüsusi vurğulanıb ki, müharibə aparan bir dövlətin alternativ xidmətin özünəməxsus problemləri və strateji mənada çətinlikləri var. Bunlar ilk növbədə müxtəlif dini təriqətlərə üzv olan gənclərin məhz əqidəsi ucbatından əlinə silah götürməsinin yasaq edilməsi, bunun baxışları ilə hərbi qanunvericiliyin ziddiyyət təşkil edilməsi, beləliklə də bu problemin Azərbaycanın ümumi təhlükəsizlik həyatına mənfi təsiri amili var.

Ümumən xidmətin gərəkən şərtlərini yerinə yetirmədən sadəcə arxa cəbhənin funksiyalarına uyğun bir model seçmək istəyənlər də olacaq. Ona görə 2002-ci ildə Konstitusiyaya məlum dəyişiklər fonundan gerçəkləşdirilən həmin müddəalar sonrakı zamanda qanunla möhkəmləndirilməli idi və layihə də hazırlandı. Lakin ötən dövr ərzində Azərbaycanın silahlı qüvvələri ilə parlamentin müvafiq komitəsi ilə birgə işi və təhlillər o qənaətə gətirdi ki, alternativ hərbi xidməti bu gün gerçəkləşdirmək problemlər doğuracaq”.

Deputat hesab edir ki, bununla əlaqəli məsələni gizlətmədən bütün baxışları dəqiqliyi ilə ortaya qoymağa ehtiyac var. “Bu mənada Avropa Şurası bizdə yerinə yetirilməyən çox az öhdəliklər var ki, bunlardan biri də budur. Fikrimcə alternativ xidmət haqqında qanun hətta qəbul olunsa idi, orada elə müddəalar elə hüquqi prinsiplər əksini tapa bilərdi ki, subyektivizm tamamilə aradan qalxardı. Məsələn, Rusiya qanununda alternativ xidmət ilk növbədə mühüm komissiyanın baxışından keçməyi özündə tələb edir. Onlar özləri sübuta yetirməlidir ki, 20-21 yaşında şəxsin dini baxışları bu dərəcədə formalaşıb. İkincisi, xidmətin müddəti, bu qanunu qəbul edən ölkələrdə, o cümlədən Avropa ölkələrində də adi xidmət müddətindən daha artıqdır. Məsələn, Rusiya bu 2 il yarımdır və onlar mediada dərc edirlər ki, hansı ərazilərdə xidməti yerinə yetirmək olar.
Avropa Şurasına daxil olan ölkələrdən bildiyim qədər 50-55 faizi bu sənədi qəbul edib. Ona görə də düşünürəm ki, buna dair baxışların belə fonunda alternativ xidmət haqqında qanunun yaxın zamanda gözlənilmir. Bəlkə də hökumət Avropa qurumlarına daha rəsmi şəkildə mövqeyini qoyacaqdır ki, nə qədər müharibə başa çatmayıb, Azərbaycan həmin sənədi ratifikasiya etməyəcək”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı