“Çox təəssüf ki, Mətbuat Şurasına bu barədə müraciət olunmayıb. Əvvəlcə Şuraya müraciət olunmalıdır. Ondan sonra çox güman ki, bu mövzuda məsələ qaldıra bildik. Hər halda məsələyə Mətbuat Şurasının öz münasibəti olacaq”.
Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov qaraciyər serrozundan əziyyət çəkən jurnalist Müslüm Məmmədov barədə danışarkən deyib.
Qeyd edək ki, Qarabağ müharibəsinin veteranı Müslüm Məmmədov BDU-nun Sosial elmlər fakültəsinin fəlsəfə pilləsini fərqlənmə diplomu ilə başa vurub. “Vətəndaş həmrəyliyi”, “Xalq cəbhəsi”, “Üç nöqtə”, “Yeni zaman”, “Vəhdət”, “Neytral”, “Azərbaycan naminə”, “Himayədar” və digər müxtəlif mətbuat orqanlarında jurnalist kimi fəaliyyət göstərib. 2011-ci ildə dişindən müalicə olunan zaman həkimlərin səhlənkarlığı nəticəsində hepatit C virusuna yoluxub. Bir müddət Bakıda müalicə olunduqdan sonra 2011-2012-ci illərdə İran İslam Respublikasinda da müalicə olunub. Ancaq vəziyyəti getdikcə ağırlaşıb. Həkimlərin rəyinə görə, onda qara ciyər serrozu baş verib. Bunun müalicənin isə ancaq Türkiyədə və ya Almaniyada mümkün olduğunu bildirirlər.
Azərbaycan mediasında çalışan bir qrup jurnalist və Qarabağ döyüşçüsü tərəfindən Müslüm Məmmədovla bağlı prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət olunub.

Misranə Həsənzadə