
ABŞ-ın Texas ştatında fəaliyyət göstərən "Hennesey Performance” tüninq şirkəti tərəfindən xüsusi sifariş əsasında yığılan və Azərbaycana gətirilən "Mercedes-Bens G63 AMG Galendewagen” avtomobil sahibinin adı məlum olub.
Bu barədə məlumat şirkətin rəsmi facebook səhifəsində yer alıb. Xəbərdə bildirilir ki, avtomobilin sifarişçisi Azərbaycandan olan Aqşin A. (Agshin A.) adlı şəxsdir. Müştəri avtomobilin tüninqini 2013-cü ildə sifariş verib.
Həmin şəxsin soyadı tam göstərilmədiyindən onun barəsində əlavə məlumat öyrənmək mümkün olmayıb.
Bəzi KİV-lər həmin şəxsin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhər 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Aqşin Əhədov olduğu barədə məlumat yayıb.
Modern.az-ın məlumatına görə, məsələ ilə əlaqədar açıqlama verən Aqşin Əhədov KİV-lərin onun haqqında yazdığını təkzib edib. O, “XeberLent.az” informasiya agentliyinə bunları deyib:
“Bu xəbər tam olaraq yalandır. Hətta xəbəri mənə deyəndə özüm təəccüb elədim. Məlumatın düz olub-olmamasını aydınlaşdırmaq üçün "Hennesey Performance” tüninq şirkətinin rəsmi saytına daxil olaraq, xəbərə baxdım. Lakin orada bu maşının mənə aid olmasını təsdiq edən heç bir şey görmədim. Bu maşının mənə heç bir adiyyatı yoxdur. Jurnalistlər reytinq yığmaq xatirinə insanları şərləyirlər. Növbəti bu cür yalanın qurbanı da mən oldum”.
Modern.az