Modern.az

Azay Quliyevin Buxarestə apardığı nümayəndə heyəti Azərbaycan-Rumıniya əlaqələrini müzakirə edib

Azay Quliyevin Buxarestə apardığı nümayəndə heyəti Azərbaycan-Rumıniya əlaqələrini müzakirə edib

Təhsil

18 Mart 2014, 18:30

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azay Quliyev, Musa Quliyev və Qənirə Paşayeva Rumıniya–Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Yulian Yankunun dəvəti ilə Buxarestdə səfərdədirlər. Nümayəndə heyəti səfər çərçivəsində Tey Parkı - Heydər Əliyev xiyabanında dünya şöhrətli siyasi xadimin abidəsini ziyarət edib.
Daha sonra Rumıniya–Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri ilə görüş keçirilib.
Qrupun sədri Y.Yanku Azərbaycan ilə Rumıniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişafı üçün potensialın gündən-günə artdığını bildirib. O, hazırda Azərbaycanda yeddi rumın şirkətinin layihələr qazandığını diqqətə çatdırıb. Bu şirkətlərin əsasən informasiya-kommunikasiya texnologiyaları və neft avadanlığı sahələrinə aid olduğu vurğulanıb.
Mədəniyyət sahəsində əlaqələrin əhəmiyyətindən danışan Y.Yanku bu istiqamətdə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin fəaliyyətini yüksək qiymətləndirib. O, gələcəkdə Xəzər dənizi regionunda ilk Rumıniya Mədəniyyət İnstitutunun nümayəndəliyinin məhz Azərbaycanda açılmasının planlaşdırıldığını vurğulayıb. Sədr, həmçinin Rumıniyanın enerji istehsalının yenilənməsinə ehtiyacının olduğunu qeyd edib. ARDNŞ-in hazırda Rumıniya bazarında ixtisaslaşmış fəaliyyətini qeyd edən Y.Yanku ölkənin Konstansa şəhərində iki terminalın şirkət tərəfindən istifadəsi üçün yararlı olduğunu diqqətə çatdırıb.

Azərbaycan-Rumıniya parlamentlərarası işçi qrupunun sədri Azay Quliyev iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirib. O, Rumıniyada mədəniyyət və humanitar sahələrdə Heydər Əliyev Fondunun nümayəndəliyinin, enerji sahəsində isə ARDNŞ-in təmsilçiliyinin fəaliyyətlərinin təqdirəlayiq olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Heydər Əliyev Fondunun xarici ölkələrdə həyata keçirdiyi layihələrdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, Rumıniya hökumətinin və parlamentinin NATO, ATƏT, Avropa İttifaqı və Avropa Şurası kimi beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyinə görə təşəkkürünü bildirib.
A.Quliyev, həmçinin Rumıniya parlamentində deputat Luçian Militaru tərəfindən Xocalı soyqırımı ilə bağlı verilən bəyanatın Azərbaycanda yüksək qiymətləndirildiyini bildirib. O, bir sıra ölkələrdə olduğu kimi, Rumıniya qanunverici orqanında da Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul ediləcəyinə inandığını bildirib.
Milli Məclisin deputatı ATƏT-in Parlament Assambleyasının Bakıda keçiriləcək yaz sessiyasında müzakirə olunacaq ATƏT ölkələrinin ərazilərində mədəni mülkiyyətin qorunması ilə bağlı qətnaməni Y.Yankuya təqdim etmişdir və Rumıniya tərəfinin bu məsələdə Azərbaycanı dəstəkləyəcəyinə əminliyini bildirib.
Y.Yanku oktyabrda Bakıda enerji məsələsi ilə bağlı təşkil olunacaq tədbirdə iştirak etməyi planlaşdırdığını bildirib. O, Azərbaycan şirkətlərini Rumıniyanın infrastruktur layihələrində iştiraka dəvət edib. Həmçinin Rumıniya Mədəniyyət İnstitutunun Azərbaycanda nümayəndəliyinin açılmasının prioritet olduğu vurğulanıb.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı