Modern.az

Türkiyədəki seçkilərdə ara qarışdı, 8 nəfər öldürüldü, 30-u yaralandı

Türkiyədəki seçkilərdə ara qarışdı, 8 nəfər öldürüldü, 30-u yaralandı

Təhsil

30 Mart 2014, 18:27

Türkiyədə keçirilən bələdiyyə seçkilərində xoşagəlməz hadisələr yaşanıb. Modern.az saytı “Hürriyət”ə istinadən xəbər verir ki, ölkənin Şanlıurfa, Hatay və Qaziantəp bölgəısində sandıq başında qan axıb. Hilvanda muxtarlıq uğrunda mübarizədə 6 nəfər həyatını itirib, Hatayda da eyni səbəblə 2 nəfər ölüb, 9 adam yaralanıb. Qaziantəpdə isə 4 nəfər bıçaqlanıb.

Yuvacıq kəndində hazırki muxtar-yenidən namizəd olan Ərdəm Polad ilə digər namizəd Abit Tanık arasında seçiciləri istiqamətləndirdikləri iddiasıyla mübahisə yaşanıb. İddiaya görə, kənd məktəbinin bağçasındakı mübahisə muxtar namizədlərinin yaxınlarının qatılmasıyla qısa müddətdə döyüşə çevrilib. Jandarmanın müdaxiləsiylə önlənən və məktəb bağçasından çıxarılan Polad və Tanıq ailəsinin üzvləri bu dəfə kənd meydanında dalaşıb. Qarşıdurmada ailələr bir-birlərinə tapança, ov tüfəngi və “Kalaşnikov” avtomatından atəş açıblar.

Silahlı qarşıdurma kəndə gələn jandarmaların müdaxiləsiylə çətinliklə önlənib. Tapança və tüfəng istifadə edilən qarşıdurmada muxtar namizədlərindən Ərdəm Polad, qohumları Davud, Semih, Ayxan, Bedirhan və Nihat, qarşı tərəfdən isə Orxan, Suphi, Məmməd və Ədalət Şahid yaralanıb. Yaralananlar Hilvan və Şanlıurfadakı xəstəxanalara aparılıblar.
Şanlıurfadakı xəstəxanalarda müalicəsinə başlanan yaralılardan muxtar namizədi Ərdəm Polad, yaxınları Bedirhan Polad, Semih Polad və Davud Polad, qarşı ailədən isə Orxan Tanık və Suphi Tanık həyatını itirib. Müalicəsi sürən digər 4 yaralının da həyati təhlükəsinin sürdüyü bildirilir.

Muxtarlığa namizədlərinin silahlı qarşıdurmasının ardından Yuvacıq kəndinə zirehli vasitələrlə tədbir alan jandarma qüvvələri göndərilib. Giriş və çıxışların qadağan edildiyi kəndi mühasirəyə alan jandarma, muxtar namizədləri və qohumlarının qarşı-qarşıya gəlməməsi üçün tədbirlər həyata keçiriblər. Bir çox adam nəzarətə alınıb.
Çevik polis qüvvələri də Şanlıurfada yaralıların müalicə aldığı xəstəxanaları və cəsədlərin olduğu meyitxananın ətrafında ciddi təhlükəsizlik tədbirləri görüblər.

Türkiyənin digər bölgələrində də qarşıdurmalar yaşanıb və ümumilikdə qarşıdurmalar zamanı 30 nəfərin yaralandığı bildirilir.

Türkiyədə bu gün keçirilən seçki nəticəsində bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı