Rusiyanın yeni SSRİ layihəsi hesab olunan Avrasiya İttifaqı ilə bağlı müqavilələrin tamamlanması üzrə işlər may ayında tamamlanacaq. Modern.az İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov bildirib. Onun sözlərinə görə may ayının sonlarında Astanada Rusiya, Belorusiya və Qazaxıstanın iştirakı keçirilən sammitdə Avrasiya İttifaqı ilə bağlı məsələlər yekunlaşacaq. “Bizim üçün əlamətdar hadisədir. Ona görə ki, biz Avrasiya İttifaqına qoşulmaq haqqında sənədə imza atacağıq. Biz Avrasiya İttifaqı ilə bağlı bütün qeyri-formal işləri bitirmək niyyətindəyik”-deyə Qazaxıstanın XİN rəhbəri söyləyib.
Qeyd edək ki, Kremlin proyekti olan Avrasiya İttifaqının 2015-ci ilin yanvarından fəaliyyətə başlayacağı gözlənilir. Artıq Ermənistan da bu birliyə qoşulmağa hazır olduğunu açıqlayıb.
Aqşin Kərimov