Bu gün azerinfo.org saytında Azərbaycan Tibb Universitetində (ATU) qalmaqal yaranması barədə məlumat verilib. Məlumatda bildirilir ki, ATU-nun cərrahi xəstəliklər kafedrasının yeni binasında tələbələr dərsə girməkdən imtina ediblər:
“Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov tərəfindən 2013-cü ilin sentyabrında universitetə Türkiyədən müəllimlər dəvət olunub. Lakin bu gün cərrahiyyə kafedrasına dərs deməyə gələn müəllimlər burada dini və siyasi təbliğatla məşğul olduqlarından tələbələr onların dərsinə girməkdən imtina ediblər”.Xəbərdə həmçinin bildirilir ki, Türkiyədən gələn müəllimlər dərsdə siyasi çıxışlar edərək, tələbələri Türkiyənin baş naziri Ərdoğan əleyhinə yönəldir və bu fikirlərə qarşı olan gənclər sıxışdırılır. Cərrahiyyə kafedrasına dəvət olunan 12 müəllimin dərsinə girməkdən imtina edən tələbələr bu müəllimlərin onlara tibbi deyil, dini və siyasi dərs verdiklərini açıqlayıblar.
Məsələylə bağlı Tibb Universitetinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, azerinfo.org saytında yer alan bu məlumat həqiqətə uyğun deyil və böhtan xarakteri daşıyır.
Qeyd edək ki, ATU-nun cərrahi xəstəliklər kafedrasına Avropanın bir çox ölkələrindən mütəxəssislər cəlb edilsə də, Türkiyədən bu kafedrada ümumiyyətlə, heç bir müəllim dərs demir. Bu gün ATU-nun sözügedən kafedrasında dərslər öz axarında davam edib və dərsə gələn tələbələr arasında heç bir qalmaqal yaşanmayıb.
Modern.az