“Suriyada döyüşən azərbaycanlıların bu ölkədə ermənilərin yaşadığı Kəsabı qəsəbəsini tutması barədə erməni mətbuatının yazdıqlarında ciddi təxribat elementləri var. Ermənistan dolayısıyla bununla Suriyada yaşayan ermənilərin işğal altında olan Azərbaycan ərazilərinə köçürülməsinə bəraət qazandırmaq istəyir”. Bunu Modern.az saytına millət vəkili, Mətbuat Şurasının beynəlxalq münasibətlər komissiyasının sədri Cavanşir Feyziyev deyib. O bildirib ki, ermənilər həmişə təxribat əməllərinə haqq qazandırmaq üçün iftiralar uydururlar:
“Suriya ermənilərinin Ermənistan tərəfdən işğal olunmuş Azərbaycan torpaqlarına yerləşdrilməsi faktdir və bu bütün dünyaya məlumdur. Ona görə də erməni mətbuatı yeni uydurmalarla Ermənistana haqq qazandırmaq istəyir. Azərbaycan mətbuatının erməni mənbələrinə əsaslanaraq yazılanları olduğu kimi verməsi isə milli maraqlarımıza ziddir. Əgər Azərbaycan mətbuatı bunun erməni mediasının yalanı kimi təqdim edirsə, o zaman bu normaldır. Amma məsələni ümumiyyətlə Azərbaycan mətbuatı ortalığa atsa idi, onda bu yaxşı hal sayılmazdı. Bununla yanaşı, bizim ölkə KİV-ləri ermənilərin yaydığı həqiqətə uyğun olmayan məlumatları fakt kimi təqdim edirsə, bu da milli maraqlarımıza böyük zərbədir. Mətbuatın ən böyük missiyalarından biri də milli maraqları qorumaqdır”-deyə C. Feyziyev bildirib.
Aqşin Kərimov