“Sərginin ikinci günü hava şəraiti ilə bağlı nisbətən az tələbə gəldi. Amma keçən ilki sərgi ilə müqayisədə tələbə sayı təxminən eyni idi. Sərgidə iştirak edən tələbələr bütün universitetlərin qəbul şərtləri, ödənişləri ilə bağlı tam məlumatları topladı. Yəni, hər bir universitetlə maraqlanırdılar, heç birindən boş keçmirdilər.
Amma dövlət proqramında olan universitetlərə, özəl universitetlərdən daha reytinqli olanlara maraq çox idi. Sərgiyə gələnlər arasında qızlar üstünlük təşkil edirdi”. Bunu Modern.az-a açıqlamasında Akademik Group-un Türkiyə layihələri rəhbəri Razi Vəliyev deyib.
Qeyd edək ki, “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Bakıdakı “Hilton” mehmanxanasında Türkiyənin 30-a yaxın universitetinin iştirakı ilə növbəti xüsusiləşmiş təhsil sərgisi keçirib. Bu sərgi aprelin 8-də isə ilk dəfə olaraq Gəncədəki “Vego” otelində də təşkil olunub.
Razi Vəliyevin sözlərinə görə, Türkiyə universitetlərinin təhsil sərgisi Gəncədə daha çox marağa səbəb olub: “Keçən ilki sərgi ilə vaxt fərqi var idi. Keçən il sərgini aprelin sonu keçirmişdik. Bu il isə aprelin əvvəli təşkil etdik. Amma görünür, aprelin sonu tələbələr üçün daha maraqlı olur. Çünki aprelin sonu qəbul imtahanlarına daha yaxın vaxtdır. Abituriyentlər də ən azı öz yolunu daha rahat müəyyənləşdirmiş olur. Biz bu gündən etibarən sənəd qəbuluna başlamışıq. Amma avqustda birbaşa bir neçə universitet gəlib burada sənəd qəbulu aparır. Deputat Məlahət İbrahimqızı da sərgiyə gələnlərin arasında idi. Sərgini ziyarət elədi, tək-tək universitetləri gəzdi.
Eyni sərgi dünən də Gəncədə keçirildi. Gəncənin əhalisi ilə Bakının əhalisini nisbətlə götürəndə Gəncədə daha çox maraq var idi. Orada ilk dəfə idi ki, belə geniş beynəlxalq sərgi keçirilirdi. Sərgidə Türkiyə Azərbaycan dövlət rəsmiləri, konsulluq, icra hakimiyyəti müavinləri iştirak elədi. Gəncə universitetləri ilə Türkiyə universitetləri arasında müqavilələr imzalandı.
Təbii ki, ildə iki dəfə keçirilən Türkiyə universitetlərinin təhsil sərgisinin effektini hiss edirik. Türkiyəyə maraq getdikcə artır. Sərgi artıq üçüncü ildir ki, keçirilir. Bu, say etibarilə beşinci sərgidir. 3-4 il bundan qabaq Türkiyəyə oxumağa deyək ki, 500-600 nəfər gedirdi. 2012-ci il bu say 1180 nəfərə çatdı. Keçən il isə Türkiyə universitetlərinə oxumağa gedənlərin sayı 2250 nəfərdən çox idi”.




Misranə Həsənzadə