
Son günlər mediada Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda direktor dəyişikliyinin baş verdiyi barədə informasiyalar gözə dəyir. Bu xəbərlərdə institutun hazırkı direktoru, professor İsa Alıyevin yerinə eks-deputat, iqtisad elmləri doktoru, keçmiş AMİP-çi Nazim İmanovun gətirildiyi qeyd olunur.
Modern.az-a açıqlamada sözügedən institutun həm ictimaiyyətlə əlaqələr şöbəsi, həm də Akademiyanın Rəyasət Heyətinin mətbuat xidməti iddianı təkzib ediblər. İqtisadiyyat İnstitutundan məsələyə qısaca olaraq bu cür münasibət bildirilib: “Hələ ki, institutda heç bir dəyişiklik yoxdur. Əgər olarsa, media dərhal məlumatlandırılacaq”.
AMEA Rəyasət Heyətinin məsul şəxsi Səid Hüseynov da oxşar açıqlama verib:
“Akademiyada təyinatla bağlı dəyişikliklər Rəyasət Heyətinin iclasının qərarı ilə olur. Rəyasət Heyəti isə heç bir toplantı keçirməyib”.
Modern.az İqtisadiyyat İnstitutuna direktor təyin olunduğu iddia edilən Nazim İmanovun özü ilə əlaqə saxlayıb. Son illər ciddi cəhdlə mediadan qaçan Nazim müəllim bu dəfə də sualımızdan yayındı. Telefon zəngimizə cava versə də, “tələsirəm, sonra danışarıq”, – deyə ünsiyyətdən yayındı.
Modern.az saytı medianın İqtisadiyyat İnstitutunda direktor vəzifəsindən çıxarıldığını iddia etdiyi professor İsa Alıyevlə əlaqə saxlayıb. İsa Alıyev direktor vəzifəsində qaldığını vurğulayaraq, Nazim İmanovun təyinatını təkzib edib.
“Bu yalan xəbərdir. İnstitutda heç bir direktor dəyişikliyi olmayıb. Hazırda akademiyada direktor seçkiləri dayandırılıb. Seçkilər bir də nə zaman olacaq, onu bilmirəm. Mən də hazırda institutun rəhbəri kimi iş başındayam”.
Elmin Nuri