
“Tarixi əsərlər Tarix İnstitutunun ekspertizasından keçməsi tarix elmini senzuraya məruz qoymaq deməkdir. Sovet dövründə senzura qoyulduğu kimi”.
Bunu Modern.az-a açıqlamasənda tarixçi Altay Göyüşov deyib. O bildirib ki, əgər bütün kitablar bir nəfərin dünyaya baxışı əsasında yazılacaqsa, onda başqalarının kitab yazmalarına ehtiyac duyulmaz.
“Elm, o cümlədən tarix elmi debatdır, araşdırmadır. Müxtəlif insanlar müxtəlif mənbələrdən istifadə edirlər. fərqli qənaətlərə gəlirlər. İnkişaf ancaq fərqlilikdədir. Bir müddət bundan qabaq parlamentdə də müzakirələr aparılırdı ki, tarixi şəxsiyyətlərə toxunulmazlıq statusu verilsin. Bu, sovet dövrünə qayıdış xarakteri daşıyır. İndi də bir insitutun hamı üzərində ağalığını təmin etmək cəhdi ancaq senzuradan başqa heç nə ola bilməz”.
Qeyd edək ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu direktoru, deputat Yaqub Mahmudov bildirib ki, Azərbaycanda tarixi əsərlərə nəzarət komissiyasının yaradılması ilə bağlı ölkə rəhbərliyinə müraciət edəcək. “Azərbaycanda hər kəs tarixdən yaza bilər və bununla bağlı heç kəsə qadağa qoyula bilməz. Lakin bütün tarixi əsərlər Tarix İnstitutunun ekspertizasından keçməlidir.”.
Rafiq Qənbərov