
İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev aprelin 9-da Tehranda bu ölkənin ali dini lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.
Görüşdə Seyid Əli Xamenei iki ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib, xalqlarımız, dövlətlərimiz arasındakı yaxınlığın və ümumi köklərin münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini qeyd edib. İranın Ali rəhbəri ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin tərəfdarı olduğunu bildirib. Seyid Əli Xamenei Azərbaycan Prezidentinin böyük təcrübəyə malik olduğunu vurğulayıb və Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında tarixi, mədəni, dini köklərin əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib. Dövlət başçısı Azərbaycan ilə İranın beynəlxalq səviyyədə bir-birini dəstəklədiklərini vurğulayıb, iqtisadi əlaqələrimizin genişləndirilməsi işində yaradılmış müştərək komissiyanın mühüm rol oynayacağını diqqətə çatdırıb. Azərbaycan Prezidenti ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı Ermənistanın təcavüzü nəticəsində meydana gəlmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinin vacib olduğunu bildirib. Prezident İlham Əliyev münasibətlərin inkişafı üçün ölkələrimizin siyasi iradəyə malik olduğunu vurğulayaraq əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini söyləyib.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başa çatıb. Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola salıblar. Azərbaycan prezidenti artıq Bakıya qayıdıb.
Modern.az