Son 3 ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 3544 nəfər vətəndaş fərdi qaydada qəbul olunaraq müraciətləri dinlənilib.
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, cari ilin ilk rübü ərzində nazirlikdə 3544 nəfər vətəndaş fərdi qaydada qəbul edilib. Eyni zamanda, bu dövrdə nazir tərəfindən nazirlikdə və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu qrafiklərinə uyğun olaraq, Lənkəran rayonunda, Sumqayıt və Şirvan şəhərlərində ümumilikdə 226 nəfər vətəndaş qəbul olunub.
Nazirlikdə qəbul olunan vətəndaşlardan 44 nəfərinin müraciəti nazir, digər vətəndaşların müraciətləri isə nazirliyin aidiyyatı rəhbər şəxsləri tərəfindən dinlənilib. Hər bir vətəndaşın müraciəti nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin və mütəxəssislərinin iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılaraq, konkret tədbirlər görülüb. Eyni zamanda, qəbullar zamanı ayrı-ayrı vətəndaşlar müraciətlərinə uyğun olaraq əlil arabaları və digər reabilitasiya avadanlıqları, sanator-kurort yollayışları və s. ilə təmin olunublar.
Qeyd edək ki, müraciətlərdə barəsində haqlı narazılıq ifadə olunan əməkdaşlarla bağlı isə müvafiq araşdırmalar aparılıb və araşdırmaların nəticələri əsasında inzibati tədbirlər həyata keçirilib.
Modern.az